Xəbərlər
Rövnəq Abdullayev və Məleykə Abbaszadə BANM-in üç nəfər 700 ballı tələbəsini təbrik etdilər
SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibətilə keçirilən təntənəli mərasimdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015/2016-cı tədris ili üzrə keçirilmiş qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olmuş üç nəfər 700 ballı tələbəni - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olan Arzu Həsənlini, “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olan İsa Məmmədlini və Nihad Abbasovu təbrik edərək onlara tələbə vəsiqəsini və noutbuk təqdim etdilər.
Qeyd edək ki, Məmmədli İsa Elişad oğlu 25 sentyabr 1998-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 2004-2015-ci illərdə Bakı şəhəri 163 saylı tam orta məktəbdə alıb və həmin məktəbi əla qiymətlərlə bitirib. Məktəb illəri müddətində müxtəlif tədbirlərdə, bilik yarışmalarında, düşərgələrdə iştirak edib. Bunlarla yanaşı, məktəbdaxili tədbirlərdə aparıcı, iştirakçı, təşkilatçı və tərtibatçı qismində çıxış edib. TQDK-nın 2015/2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub.
Həsənli Arzu Ədalət qızı 1999-cu il, aprel ayının 2-də Bərdə şəhərində anadan olub. 2004-cü ildə Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyinin 1-ci sinifinə daxil olub və 2015-ci ildə bu məktəbi əla qiymətlərlə bitirib. Təhsil aldığı müddətdə hər il Fəxri Fərmanla təltif olunub. Ölkədə keçirilən ictimai tədbirlərdə hər zaman fəal iştirak edib. Respublika üzrə keçirilən bilik yarışmalarında iştirak edərək, təhsil aldığı məktəbi layiqincə təmsil edib. TQDK-nın 2015/2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub.
Abbasov Nihad Natiq oğlu 5 yanvar 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini 2015-ci ildə Qubadlı rayon İsa Məmmədov adına kənd tam orta məktəbində əla qiymətlərlə başa vurub. Məktəb illəri ərzində müxtəlif şəhər olimpiadalarında iştirak edərək yüksək yerlər tutub. Eyni zamanda, "İNEPO" beynəlxalq layihə olimpiadasının və "Sabahın Alimləri" müsabiqəsinin iştirakçısı olub. 2015-2016-cı tədris ili üzrə TQDK-nın keçirdiyi qəbul imtahanında maksimal bal sayılan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olub.