Xəbərlər

Bakı Ali Neft Məktəbində 2015/2016-cı tədris ili üzrə ilk iclas keçirildi

Bakı Ali Neft Məktəbində Ali Məktəbin rektoru Elmar Qasımovun sədrliyi ilə 2015/2016-cı tədris ili üzrə ilk iclas keçirildi. İclası açan rektor Elmar Qasımov BANM-in kollektivini salamlayaraq, Ali Məktəbdə işlərin ilboyu davam etdiyini, artıq 4 ildir ki, fəaliyyət göstərən ali təhsil müəssisəsinin bu yeni tədris ilində də yeni tələbələrini məmnunluqla qəbul edəcəyini dedi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Ali Neft Məktəbinə xüsusi qayğısından söz açaraq, rektor Elmar Qasımov cənab Prezidentin Ali Məktəbə xüsusi etimad göstərdiyini dedi. Rektor Elmar Qasımov əvvəlki illərdə olduğu kimi, bu il də BANM-in ali məktəblərə qəbul imtahanında keçid balının digər ali təhsil müəssisələrindən yüksək olduğunu, ümumi orta balın 676 olduğunu xatırlatdı. O, dedi ki, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 672-dən 679-a, “Kimya mühəndisliyi” ixtisası üzrə 657-dən 668-ə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə orta bal isə, 684-dən 685-ə qalxıb. Rektor bildirdi ki, BANM-in bu günədək əldə etdiyi nailiyyətlərini təqdirəlayiq hesab etmək olar. Elmar Qasımov bu il qəbul imtahanında 700 bal toplayan 3 abituriyentin məhz BANM-i seçdiyini vurğulayaraq, bu uğurun hamının birgə əməyinin nəticəsi olduğunu dedi. O, tələbələrin istehsalat təcrübəsindən də söz açdı. Elmar Qasımov ikinci və üçüncü kurs tələbələrinin SOCAR və digər beynəlxalq transmilli şirkətlərdə yay təcrübəsi keçdiklərini bildirdi. O, üçüncü kursların şirkətlərdə ödənişli təcrübə keçmələrinin onlar üçün böyük bir stimul, motivasiya olduğunu vurğuladı. Tələbələrin peşəkar mühəndis kimi yetişməsində yay istehsalat təcrübəsinin vacib olduğunu deyən rektor Elmar Qasımov BANM-in tələbələrinin gələcəkdə rəqabətə davamlı neft-qaz mühəndisləri kimi formalaşmasında əldə etdikləri təcrübənin böyük rol oynadığını nəzərə çatdırdı.

 

Rektor Elmar Qasımov tikintisi tamamlanmaqda olan BANM-in kampusu haqda da danışdı. O, bildirdi ki, kampusda artıq yekunlaşdırma işləri görülür. Elmar Qasımov kafedra müdirlərinə və müəllimlərə, o cümlədən şöbə rəislərinə müvafiq tapşırıqlarını verdi. O, yeni fakültə və mərkəzlərin açılmasının nəzərdə tutulduğunu, yeni laboratoriyaların alındığını dedi.

 

Rektor Elmar Qasımov, həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarının nəticələri əsasında 2015-ci ildə Bakı Ali Neft Məktəbinə qəbul olacaq abituriyentlərin müvafiq qaydada qeydiyyatdan keçirilməsi və onlar üçün tələb olunan sənədlərin növbəti dərs ilinin əvvəlinə kimi hazırlanmasını təşkil etmək məqsədilə yaradılan işçi qrupun rəhbəri, Elektron-tədris şöbəsinin rəisi Şərif Xurşudovun fəaliyyətini yüksək qiymətləndirərək ona xüsusi təşəkkür etdi.

 

Rektor Elmar Qasımov bütün strukturların işi haqda danışaraq tövsiyələrini verdi, yeni tədris ilində daxili nizam-intizam qaydalarına riayət edilməli olduğunu dedi. Elmar Qasımov avqustun 1-dən SOCAR-da "Korporativ geyim forması standartı"nın tətbiqinə əsasən, SOCAR-ın baş ofisində və şirkətin struktur bölmələrinin idarəetmə aparatlarında çalışan əməkdaşların geyim qaydaları haqda SOCAR-ın strukturlarında dress code barədə yeni qərarın verildiyini vurğuladı. Bu məsələ ilə bağlı Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı və Elektron-tədris şöbəsinin metodisti Elnur Səfərlinin təqdimatı ilə slayd nümayiş olundu.

 

İclas sual-cavab və müzakirələrlə yekunlaşdı.