Xəbərlər
BANM tələbələri İsveçrə, Rumıniya, Türkiyə və Gürcüstanda
Bakı Ali Neft Məktəbinin III kursunda təhsil alan 5 tələbəsi - Balaşov Emin, Əhmədov Camal, İsmayılov Murad, Rzayev Kamran və Qafarlı Sevinc “SOCAR Yay Məktəbi 2015” layihəsi müddətində keçirilən yarışlar, simulyasiya oyunları və fəallıqlarına görə qalib komandaların üzvləri olaraq İsveçrəyə, Rumıniyaya, Türkiyəyə, Gürcüstana komanda şəklində bir həftəlik səfər imkanı əldə ediblər. Səfər zamanı tələbələrimiz getdikləri ölkələrdə SOCAR-ın fəaliyyəti ilə ətraflı tanış olurlar, həmin ölkələrin tarixi-turistik məkanlarına, muzeylərinə ekskursiyalar edir, abidələr haqqında məlumatlandırılır və müxtəlif tanınmış beynəlxalq nümayəndəliklərdə qonaq olurlar.
Xatırladaq ki, 10 gün ərzində “SOCAR Yay Məktəbi 2015” yay məktəbinin yekununda göstərilən nəticələrə əsasən, 7 komanda arasından seçilən qalib komandaların İsveçrəyə, Rumıniyaya, Türkiyəyə və Gürcüstana 1 həftəlik səfəri təşkil olunur. 1-ci yerə çıxan qalib komandanın üzvü BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbəsi Əhmədov Camal İsçevrəyə, 2-ci yerin qalib komandasının üzvü BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbəsi Rzayev Kamran Rumıniyaya, 3-cü yerə çıxan qalib komandanın üzvü BANM-in “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri İsmayılov Murad və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan Balaşov Emin Türkiyəyə, 4-cü yerə çıxan qalib komandanın üzvü “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan Sevinc Qafarlı Gürcüstana səfər imkanı qazanıblar.