Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbinin yaradılmasının 10-cu ildönümü qeyd olunub

Dekabrın 21-də SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 10 illiyi münasibətilə Ali Məktəbin kampusunda təntənəli yubiley tədbiri keçirilib. Yubiley tədbiri torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il may ayının 1-də  kampusun açılışında BANM haqqında söylədiyi fikirləri əks etdirən və “BANM- 10 il” adlı videoçarxlar nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov demişdir: “Azərbaycanda müasir tədris proqramları və təlim texnologiyaları əsasında mühəndis kadrlar yetişdirən Ali Məktəbimizin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verir, dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirir, nəhəng şirkətlərdə Azərbaycanı layiqincə təmsil edirlər. Böyük qürur və fəxarət hissi ilə bildirirəm ki, Bakı Ali Neft Məktəbi ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin edilmiş innovativ təhsil müəssisəsi olaraq inkişaf edib,  Azərbaycan ali təhsil müəssisələrinin reytinq cədvəlində liderliyə yüksəlib, orta qəbul balı üzrə Respublika birincisidir”.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Ali Məktəbin tələbələrinə üz tutaraq, demişdir: “Bu gün bu təntənəli yubiley mərasimində əminliklə deyə bilərik ki,  Bakı Ali Neft Məktəbi artıq öz sahəsində ölkəmizdə fəaliyyət göstərən ən qabaqcıl ali təhsil müəssisəsi kimi tanınır. Heç şübhə etmirəm ki, şirkətimizin, şanlı neft sənayemizin gələcək liderlərindən bir çoxu sizin aranızdadır. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında SOCAR-ın lokal bir neft şirkətindən transmilli enerji şirkətinə çevrilməsinə nail olmuşuq. İndi sizin qarşınızda daha geniş üfüqlər açılıb. İnanıram ki,  Siz təhsildə qazandığınız uğurları gələcək istehsalat fəaliyyətinizdə də davam etdirəcək, Azərbaycan neftçilərinin bu günkü nəslindən daha da irəli gedəcək, daha böyük nailiyyətlərə imza atacaqsınız.”

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 20 dekabr 2021-ci il tarixli əmri ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov SOCAR-ın “Fəxri neftçi” döş nişanı, həmin kafedranın professoru Fuad Vəliyev və dosenti Xanum Cəfərova SOCAR-ın “Fəxri fərmanı” ilə təltif ediliblər. Mükafatları SOCAR-ın prezidenti Rövnəq Abdullayev təqdim etmişdir.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı Ali Neft Məktəbinə fəaliyyətində uğurlar arzulayaraq, Ali Məktəbin 10 illik qısa müddətdə böyük nailiyyət əldə etdiyini, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə uğurlu əməkdaşlıq aparıldığını bildirmişdir.

Gənclər və idman naziri Fərid Qayıbov Bakı Ali Neft Məktəbinin fəaliyyətini yüksək qiymətləndirmiş, 10 illik yubiley münasibətilə təbriklərini çatdırmış və rəhbərlik etdiyi Nazirliyin BANM ilə əməkdaşlığa hazır olduğunu vurğulamışdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarını salamlayaraq Bakı Ali Neft Məktəbini müasir tələblərə cavab verən ali təhsil ocağı kimi qiymətləndirib, Ali Məktəbdə ölkənin gələcəyi üçün önəmli ixtisaslarda təhsil verildiyini və ölkədə bu cür təhsil müəssisəsinin fəaliyyətinin qürurverici olduğunu qeyd edib.

Tədbirdə BANM-in uğurlu məzunlarından Ali Məktəbdə Keyfiyyətin təminatı şöbəsinin rəisi vəzifəsində çalışan, “Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Güldənə Hidayətli və SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası layihəsində çalışan Rafael Abdullayev tələbəlik həyatları haqqında xatirələrini bölüşmüşlər.

Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə SOCAR-ın Bakı Ali Neft Məktəbinin 10 illik yubileyi ilə əlaqədar müraciət oxunub.

Azərbaycanın tam ingilisdilli yeganə texniki ali məktəbi olan SOCAR-ın Bakı Ali Neft Məktəbinin kampusunun açılışı 2017-ci il may ayının 1-də Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. BANM hələ ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb. Hazırda BANM-də Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi və Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Biznesin idarə edilməsi (MBA) ixtisaslarında magistr pilləsi üzrə qəbul həyata keçirilir. Ali Məktəbdə doktorantura pilləsi və Neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar ali təhsil həyata keçirilir. SOCAR-ın Bakı Ali Neft Məktəbinə orta qəbul balı 650 və daha  yuxarıdır.  Bu da Azərbaycanda ən yüksək göstəricidir. 2021/2022-ci tədris ilində ölkə üzrə  Prezident təqaüdünə layiq görülmüş 102 nəfərdən 33-ü BANM-in tələbəsidir. Bu, Azərbaycanın təhsil tarixində rekord göstəricidir. Hazırda Ali Məktəbdə təhsil alan  Prezident təqaüdçülərinin sayı 205 nəfərdir.