Xəbərlər

Bakı Ali Neft Məktəbinin müəllimi Ələmdar Şahverdiyevin 60 yaşı tamam oldu

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin İngilis dili və Humanitar Fənlər Mərkəzinin dosenti Ələmdar Şahverdiyevin uzunmüddətli, peşəkar elmi-pedaqoji fəaliyyəti və 60 illik yubileyi münasibətilə Bakı Ali Neft Məktəbinin Fəxri Fərmanı ilə təltif edilməsi barədə müvafiq əmr imzalayıb.

Təltifetmə münasibətilə keçirilən görüşdə rektor Ələmdar Şahverdiyevi təbrik edərək ona pedaqoji və elmi fəaliyyətində uğurlar arzulayıb. Elmar Qasımov bildirib ki, tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsində onun böyük xidmətləri var. Rektor Azərbaycan tarixinin dərindən öyrədilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb: “Ötən il Azərbaycan üçün çətin və qürurverici il oldu. Vətən müharibəsi, tarixi qələbəmiz siz tarixçilər üçün qürur və fəxrlə dolu mövzu yaratdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı tarixi Zəfərin gələcək nəsillərə ötürülməsi, tarix kitablarına həkk olunması siz tarixçilərin üzərinə düşür. Bu şərəfli yolda sizə uğurlar arzulayıram.Tarix dərsi elə tədris olunmalıdır ki, əsrlər boyu Azərbayxan xalqının başına gətirilən bəlalar unudulmasın, indiki və gələcək nəsillər bundan dərs çıxarsın”.

Ələmdar Şahverdiyev onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Elmar Qasımova təşəkkür edib və bildirib ki, mühəndislər üçün Azərbaycan tarixi kitabının dərc olunması üzərində çalışır. Dosent tələbələrin tarix dərsinə marağının ilbəil artdığını, onların Azərbaycan tarixini daha dərindən öyrənməyə səy göstərdiklərini vurğulayıb.

Görüşün sonunda Elmar Qasımov Ələmdar Şahverdiyevə Bakı Ali Neft Məktəbinin Fəxri Fərmanını təqdim edib.