Xəbərlər

Bakı Ali Neft Məktəbi ilə İsveçrənin UBİS Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb

Bakı Ali Neft Məktəbi (BANM) ilə İsveçrənin UBIS Universiteti arasında birgə MBA proqramı barədə Əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin məqsədi BANM və UBİS arasında tədris və akademik sahələrdə tərəfdaşlıqdır. Müqavilədə UBIS-in təhsil proqramları əsasında BANM-də MBA üzrə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Əməkdaşlıq müqaviləsi BANM tərəfindən UBIS-in Biznes Təhsili üzrə  Beynəlxalq Akkreditasiya Şurası (IACBE) və gələcəkdə digər akkreditasiya qurumları tərəfindən təsdiq olunacaq təhsil proqramlarının həyata keçirilməsini təmin edir. BANM də öz növbəsində UBIS-in təhsil proqramlarını yüksək keyfiyyətlə tədris edəcək.

Əməkdaşlıq müqaviləsini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və UBİS Universitetinin Baş direktorunun müavini, Kommersiya məsələlələri üzrə direktor Rafael Salazar imzalayıblar.

Onlayn formatda keçirilən görüşdə qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov ilk növbədə Müəllimlər Günü münasibəti ilə bütün müəllimləri təbrik edib. BANM və UBIS arasında imzalanan müqavilənin əhəmiyyətinə toxunan rektor bildirib ki, bu əməkdaşlıq hər iki ali məktəb üçün faydalı olacaq. Elmar Qasımov UBİS Universitetinin rəhbərliyini Azərbaycana dəvət edib.

BANM-in Biznesin idarə olunması üzrə tədris mərkəzinin müdiri Rövşən Budaqov birgə əməkdaşlıq çərçivəsində MBA proqramında həyata keçiriləcək tədris prosesi barədə məlumat verib. O, vurğulayıb ki, beynəlxalq əməkdaşlıq ali təhsil müəssisələrinin gələcək uğurunun açarıdır.

Əməkdaşlıq müqaviləsinin hər iki ali məktəb üçün bir fürsət olduğunu qeyd edən UBİS-in Baş direktorunun müavini Rafael Salazar bildirib ki, bu fürsətdən hər iki ali məktəbin tələbələri yüksək səviyyədə yararlana biləcəklər.

İsveçrənin Cenevrə şəhərində yerləşən UBIS Universitetində biznes administrasiyası və beynəlxalq münasibətlər sahəsində yüksək səviyyədə bakalavr (BBA, BAIR), magistr (MBA, MAIR) və doktorant hazırlığı həyata keçirilir. UBİS-də dünyanın 40 ölkəsindən olan tələbələr təhsil alır. UBİS tələbələrə Cenevrə ilə yanaşı, 20 ortaq kampusda təhsil almaq seçimi verir. ABŞ və digər xarici  ölkələrdə İş və Beynəlxalq Münasibət proqramlarının tədarükü üzrə tam akkreditasiya almış ilk İsveçrə Təhsil Qurumudur.