Xəbərlər
BANM-in tələbələri BMT Modeli Yay Məktəbində iştirak ediblər
Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Vüqar Həsənov və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Kamal Ömərov 10 – 14 avqust 2015-ci il tarixlərində Daşkəsən rayonunun Gənclərin Təlim və İstirahət Mərkəzində keçirilən BMT Modeli Yay Məktəbində fəal iştiraklarına görə sertifikatla təltif olunublar. BANM-in tələbələri Yay məktəbində özlərini diplomat, Avstraliya və Əfqanıstanın səfir rollarında sınayaraq beynəlxalq münasibətlər sahəsini daha yaxından mənimsəyib, müvafiq bilik və bacarıqlarını artırıblar.
Adı çəkilən Yay Məktəbi BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün əsasların yaradılması” adlı birgə layihəsi çərçivəsində təşkil edilib. Azərbaycanın müxtəlif ali məktəblərindən 80 nəfər iştirakçının qoşulduğu bu layihənin əsas məqsədi gənclərin beynəlxalq münasibətlər və diplomatiyaya marağının dəstəklənməsi, gənc diplomatların təcrübə qazanması və BMT strukturlarının işi ilə daha yaxından tanış etmək olub. Layihə çərçivəsində beynəlxalq aləmdə aktual olan mövzular ətrafında aparılan müzakirələr BMT Baş Assambleyası formatında təşkil olunub. Bununla yanaşı gənc iştirakçıların araşdırma, danışıq və təqdimat bacarıqlarının inkişafına hədəflənən təlimlər keçirilib.
Qeyd edək ki, BMT Modeli Yay Məktəbi Milli BMT Modeli konfransına hazırlıq xarakteri daşıyır.