Xəbərlər
Mühəndislər üçün biznes təhsili layihəsinin növbəti kursunun açılışı olub
Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursunun açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının genişləndirilməsi olan layihədə iştirak etmək üçün ümumilikdə 200 nəfər müraciət edib.
“Onlardan yalnız mühəndislik ixtisasları üzrə 3-cü, 4-cü və 5-ci kurslarda təhsil alan və ingilis dili bacarıqları yüksək olan tələbələr seçilib. Bakı Ali Neft Məktəbinin 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrininisə 3-cü və 4-cü kurs tələbələrindən ibarət 50 nəfərlik iştirakçı kursa qəbul edilib. İştirakçılar Bakı Ali Neft Məktəbini, ADA Universitetini, Azərbaycan-Fransız Universitetini (UFAZ), Bakı Mühəndislik Universitetini, Xəzər Universitetini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edir”.
Rektor qeyd edib ki, proqramın sonunda kursu uğurla bitirənlər sertifikatlarla təmin ediləcək. E.Qasımov proqramın Bakı Ali Neft Məktəbinin beynəlxalq təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcəyini də diqqətə çatdırıb.
İştirakçılara 6 modul üzrə təlimlər keçiriləcəyi barədə məlumat verilib. Bildirlib ki, kurs “Prezentasiya və kommunikasiya bacarıqları”, “Layihə idarəetməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik”) əhatə edəcək. Kurs 2 həftəlik müddəti əhatə edəcək və tam olaraq ingilis dilində aparılacaqdır.