Xəbərlər

BANM-in tələbələri Petkim şirkətində təcrübə keçiblər

Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə 3-cü kursda təhsil alan 5 nəfər tələbəsi 1-24 iyul tarixlərində Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsini başa vurublar.

 

Tələbələr 25 gün ərzində nəhəng obyekt olan "Petkim" şirkətinin müəssisələrində tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olublar. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrəniblər. Şirkətin mühəndisləri tələbələrə təhlükəsizlik qaydaları üzrə təlimatlar keçib və şirkətdə gedən proseslərə dair təqdimatlar ediblər.

 

Təcrübənin sonunda BANM-in tələbələrinə “Petkim” şirkəti tərəfindən sertifikatlar təqdim olunub.

Xatırladaq ki, BANM-in 10 tələbəsi iki qrupda təcrübəyə “Petkim” şirkətinə göndəriliblər. Hal hazırda BANM-in “Kimya mühəndisliyi” ixtisası üzrə 3-cü kursda təhsil alan digər 5 nəfər tələbəsi “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçirlər. Təcrübə avqust ayının 14-dək davam edəcək.

Qeyd edək ki, tikintisi davam edən və bir sıra istehsal sahələri istismarda olan bu müəssisədəki istehsalat təcrübəsi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə kömək edir.