Xəbərlər
BANM-in tələbələri Azneft İstehsalat Birliyində təcrübəyə başladılar
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində “Azneft” İstehsalat Birliyində olacaqlar. BANM-in 81 nəfər tələbəsi bu müəssisədə istehsalat təcrübəsi keçəcək, III kurs tələbələri isə, 2 ay müddətində sözügedən müəssisədə ödənişli əsaslarla təcrübə keçəcəklər.
İstehsalat təcrrübəsinə yollanan tələbələrlə keçirilən görüşdə rektor Elmar Qasımov yay istehsalat təcrübəsində tələbələrə yaradılan şərait və imkanlardan danışdı və BANM-in tələbələrinin bir sıra transmilli beynəlxalq şirkətlərdə təcrübədə olduqlarını xatırlatdi. O, bildirdi ki, bu təcrübə tələbələrə akademik biliklər ilə təcrübi bilikləri birləşdirmək imkanı verir. Təcrübənin tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməkdə onlar üçün geniş üfüqlər açacağını vurğuladı və bununla yanaşı, həm də uğurlu karyeranın başlanğıcı olduğunu dedi. Elmar Qasımov tələbələrə öz tövsiyələrini verərək, təcrübə müddətində məsuliyyətli olmağı, təcrübədən səmərəli faydalanaraq yeni təcrübi biliklər əldə etməyin və öyrənməyin vacibliyini bir daha nəzərə çatdıraraq onlara uğurlar arzuladı.
"Azneft" İstehsalat Birliyinin baş direktorunun geologiya üzrə müavini Ədalət Eminov BANM-də olmaqdan məmnun olduğunu bildirdi və dedi ki, Bakı Ali Neft Məktəbi çox böyük nüfuza malik ali təhsil müəssisəsidir. O, mühəndis peşəsində təcrübənin çox böyük önəm daşıdığını bildirdi. Ədalər Eminov tələbələrin öyrəndikləri nəzəriyyəni tətbiq etmək üçün təcrübədən düzgün istifadə edərək biliklərini daha da inkişaf etdirəcəklərinə əminliyini ifadə etdi. Bu istehsalat təcrübəsinin həm də onlar üçün informasiya baxımından yeni biliklər əldə olunmasında faydalı olacağını vurğuladı.
Sonra tələbələri maraqlandıran suallar cavablandırıldı, təcrübə müddətində onlara yaradılan şərait, iş mühiti, əsas fəasliyyət imkanları və məqsədləri haqda məlumat verildi.