Xəbərlər

BANM-in tələbələrinin SOCAR TTSİ-də təlimləri başa çatıb

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft–qaz mühəndisliyi", "Kimya mühəndisliyi" və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasları üzrə təhsil alan I kurs tələbələri üçün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) təlim mərkəzində keçirilən təhlükəsizlik təlimləri başa çatıb. Təlimdə BANM-in 4 qrup üzrə ayrılmış 123 nəfər tələbəsi iştirak edib.

Xatırladaq ki, beynəlxalq standartlara cavab verən mərkəzdə təşkil olunan təlimlərdə tələbələrə istehsalatda baş verə biləcək qəza və fövqəladə hallar zamanı təhlükəsizlik texnikası qaydaları haqqında ətraflı təlimatlar verilir. BANM-də üç ixtisas üzrə təhsil alan tələbələrə dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, helikopterlərlə, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, qayıqlardan və sallardan istifadə zamanı təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında biliklər verilir.

Qeyd edək ki, BANM və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində həyata keçirilən təlimlər Beynəlxalq standartlara uyğun və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələbləri çərçivəsində keçirilir. Təlimlərin yekununda BANM-in tələbələrinə Beynəlxalq Dəniz Təşkilatının sertifikatları təqdim edilir.