Xəbərlər

Tallinn Texnologiya Universiteti ilə innovasiya sahəsində elmi-tədqiqat potensialı müzakirə edilib

       Bakı Ali Neft Məktəbi ilə Tallinn Texnologiya Universiteti (TalTech) arasında İnformasiya təhlükəsizliyi üzrə birgə proqramın həyata keçirilməsi, eləcə də innovasiya və texnologiyalar sahəsində elmi-tədqiqat potensialının araşdırılması imkanları müzakirə edilib.

 

     Universitetlər arasında müəllim və tələbələrin beynəlxalq mübadilə proqramları (“Erasmus+”, “Horizon”) çərçivəsində mübadiləsi, TalTech tədris proqramları əsasında “Kibertəhlükəsizlik” və “e-Hökumət” sahəsində ikili diplom, bakalavr və magistr proqramları, Yay və Qış məktəblərində iştirak və digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.  

       

      Bundan başqa, TalTech-in İnnovasiya Mərkəzinin konsepsiyasından yararlanmaqla Bakı Ali Neft Məktəbində “İnkubasiya və Aksellerasiya Mərkəzi”nin yaradılması məsələsi də müzakirə mövzusu olub.

 

      Qeyd edək ki, Bakı Ali Neft Məktəbi ilə Estoniyanın Tallin Texnologiya Universiteti arasında əməkdaşlığa dair memorandum mövcuddur. Qarşılıqlı əməkdaşlıq çərçivəsində TalTech-in İnformasiya Texnologiyaları fakültəsinin Elektron İdarəetmə Texnologiyaları və Xidmətləri Proqramının müdiri İnqrid Pappelin başçılıq etdiyi nümayəndə heyəti cari ilin əvvəlində Bakı Ali Neft Məktəbində BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva və Baş müəllimi Xəyyam Məsiyev isə Estoniyada səfərdə olublar.