Xəbərlər
BANM tələbəsi, Prezident təqaüdçüsü Ləman Rəhimli ilə müsahibə
" "Qəbul olum, sonra oxumayacam" fikrində olanlar bu Ali Məktəbə gəlməsələr yaxşıdır"
"Bakı Ali Neft Məktəbində oxumaq çox zəhmət tələb edir"
Rəhimli Ləman Əzəmət qızı 1996-cı ildə Bakı şəhərində anadan olub, 2003-cü ildə Bakı şəhəri Nizami rayonundakı 214 saylı orta məktəbın 1-ci sinfinə daxil olub. 2010-cu ildə Bakı şəhəri Xətai rayonu 287 saylı "Zəkalar" liseyinə qəbul olub və 2014-cü ildə buradan əla qiymətlərlə məzun olub. 2009 və 2010-cu illərdə “28 may Respublika günü” ilə əlaqədar olaraq hər il liseyin keçirdiyi "Zəka" intellektual yarışmasında 1-ci və 2-ci yerləri tutub. 2012 və 2013-cü illərdə Fizika fənn olimpiadasının şəhər turu üzrə qalibi, 2010 və 2011-ci illərdə Riyaziyyat fənni üzrə olimpiadaların qalibi olub. 2013-cü ildə "Ekorudit Brain-Ring" ekoloji bilik yarışmasında Xətai rayonu üzrə birinci, Bakı şəhəri üzrə üçüncü yerin sahibi olub, həmçinin digər bilik və fənn yarışmalarında fərqlənmə diplomları ilə təltif olunub. 2014-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında 685 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub, Prezident təqaüdçüsüdür.
1. Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?
- İmtahan günündən əvvəlki günlərdə heç bir stress və həyəcan keçirməmişəm, amma imtahanın keçirildiyi binaya gedərkən çox həyəcanlı idim. İmtahanın başlamasına dəqiqələr qalmış və imtahan müddətində həyəcanımdan əsər-əlamət yox idi, çünki artıq diqqətimi sualları cavablandırmağa yönəltmişdim və əlavə nəsə düşünmürdüm. Ən yadda qalan an isə, fizika fənnindən diqqətsizliyə görə etdiyim səhv idi, belə ki, ən asan sualı şərtini oxumadığıma görə səhv hesablamışdım.
2. Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?
- Açığı, sınaq imtahanlarında 600 balı keçirdim, amma hələ də istədiyim nəticəni almamışdım. Son sınaq isə, hədəfimə ən yaxın olduğum balı yığmağıma səbəb oldu, müəllimlərim, valideynlərim və sinif yoldaşlarım məndən ən yüksək - 700 balı gözləyirdilər, həmçinin özüm də.
3. İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?
- Qəbul imtahanında yüksək bal təkcə son bir-iki ilin hazırlıq nəticələri deyil, aşağı siniflərdən dərsləri yaxşı mənimsəmək və öyrənmək lazımdır. Hazırlıq müddətində isə, zəif bildiyi mövzuları müəyyənləşdirməli, onlara daha çox diqqət ayırmalı, yaxşı bildiklərini isə möhkəmlətməlidir. Öncə hədəf qoymalı, ona çatmaq üçün çalışmalı, özünə xas sistem qurmalı, özünə güvənməli, lakin özünü aldatmamalı və xüsusilə ailəsindən ona güvənməyi və çox sıxmamağı xahiş etməlidir ki, bu hissi və güvəni isə onlara abituriyent verməlidir. Qrup və ixtisas seçimində isə, məncə, ilk öncə öz istəklərini və sevdiyi sahəni seçməlidir. Valideynlərlə və digərlərilə məsləhətləşmək, seçəcəyi ixtisası dərindən araşdırmaq çox köməklik edəcək və onda fikir formalaşdıra biləcək. Lakin öncə nəyi sevdiyini bilməli və ona görə seçim etməlidir, çünki bu seçim onun həyatına istiqamət verəcək.
4. Bəs sən niyə məhz BANM-i seçdin və bu ixtisas seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
- Proqramlaşdırma və kompyuter sahəsinə marağım çoxdan var idi, hətta 8-ci sinifdən ixtisasımı belə müəyyənləşdirmişdim. Nəticəm bəlli olduqdan sonra seçəcəyim ixtisası yenidən araşdırdım və iki ixtisas arasında qaldım. Daha sonra BANM-də oxumaq üçün Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçdim. Valideynlərim də bu işi tamamilə mənim öhdəliyimə buraxdı və seçimimdə mənə dəstək oldular.
5. Deyirlər ki, texniki sahə və mühəndislik peşəsi kişilərə aid sənətdir. Sən necə düşünürsən və bu sahəyə marağın hardan yaranıb?
- Mən belə düşünmürəm, doğrudur, bu sahədə kişilər üstünlük təşkil edir amma qadınlar da kifayət qədərdir. Əsas olan seçdiyin ixtisası sevməkdir, belə olan halda uğur həmişə səninlə olur. Mən hələ kiçik yaşlarımdan riyaziyyat fənninə, texnoligiyaya dərin maraq göstərirdim, məktəb illərində də bu fənlər ən sevimli dərslərim olub. Atam ixtisasca kimyaçı-mühəndisdir, bu genetik də ola bilər. Ümumiyyətlə, bizim ailədə texniki fənlər hər zaman əsas hesab olunub, ixtisası texniki sahədə olmasa belə, bacımın da riyaziyyat fənninə xüsusi marağı olub.
6. BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Burdakı təhsili necə dəyərləndirirsən?
- Bu Ali Məktəbə daxil olmaq üçün yüksək bal toplamaq çox vacibdir. Bu da o deməkdir ki, çox çalışmaq lazımdır, çünki burda oxumaq çox zəhmət tələb edir. BANM-də təhsil Azərbaycandakı digər universitetlərlə müqayisədə çox yüksəkdir və həqiqətən çox çətindir. "Qəbul olum, sonra oxumayacam" fikrində olanlar bu Ali Məktəbə gəlməsələr yaxşıdır.
7. Özünü gələcəkdə harda görürsən?
- Təbii ki, müəyyən hədəflərim, istəklərim var, amma hal-hazırkı dövrü düşünmək və onu bacardığımız şəkildə yaxşı yaşamaq lazımdır. Ona görə gələcək haqda çox da düşünmürəm, çünki gələcəyi quran bu gündür. Ümumiyyətlə isə, hələ qarşımda uzun bir təhsil yolu olduğunu hesab edirəm.
8. Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı əlavə məşğuliyyətlərin var?
- Kitab oxumaq ən sevdiyim məşğuliyyətimdir, bu, məni bədii ədəbiyyata bağlayır. Humanitar fənlərdən isə, tarix mənə ən maraqlı olandır, tarixi hadisələri oxumaq, filmləri izləmək əyləncəli və öyrədicidir. Bundan əlavə, riyazi və məntiqi məsələləri həll etməyi, intellektual yarışlara baxmağı və orda iştirak etməyi, video oyunlar oynamağı, musiqi dinləməyi sevirəm. Bununla yanaşı, asudə vaxtlarımda təkərli konki sürürəm.