Xəbərlər

NASA-da çalışmış ilk azərbaycanlı alim Teymur Sadıxov Bakı Ali Neft Məktəbində mühazirə keçib

Bakı Ali Neft Məktəbində (BANM) Silikon vadisində “Texnologiya  Konsaltinq Qrup”un yaradıcısı və baş icraçı direktoru, NASA-da çalışmış ilk azərbaycanlı alim, aerokosmik mühəndislik üzrə fəlsəfə doktoru Teymur Sadıxov “Robotexnika və süni intellekt” mövzusunda açıq mühazirə keçib.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Teymur Sadıxovu salamlayaraq, onun əldə etdiyi uğurlardan bəhs edib. Eyni zamanda, keçirilən seminarın dinləyicilər üçün faydalı olacağına əminliyini ifadə edib.

 

Daha sonra, gənc tədqiqatçı-alim Amerikada qazandığı təcrübəni tələbələrlə bölüşüb. O qeyd edib ki, dünya artıq fərqli mərhələdədir, bu gün robot texnologiyası və süni intellekt insanların gələcəyə dair baxışlarını, vərdişlərini dəyişməkdədir. Həmçinin o bildirib ki, hazırda  sürücüsüz avtomabillər istehsal olunur və vaxtilə çalışdığı Almaniyanın “Mercedes-Benz” şirkəti də bu istiqamətdə fəallıq nümayiş etdirir.  T.Sadıxov vurğulayıb ki, bütün dünya sürücüsüz avtomabillər ideyasına görə alim Nikola Teslanın nəzəriyyəsinə təşəkkür etməlidir.

 

Gənc alim illər ərzində qazandığı bilik və bacarıqlarını, təcrübəsini Azərbaycan üçün sərf etmək istəyini də bildirib: “Bu məsələ indiki dövrdə Azərbaycan üçün prioritet məsələ olmalıdır. Azərbaycanda müasir texnologiya sahəsini daha dərindən inkişaf etdirmək və gəncləri gələcəyə doğru hazırlamaq lazımdır. Burada yüksək intellektual bacarıqları olan, innovativ ideyalı gəncləri toplayaraq Elmi-Tədqiqat Mərkəzi açmaq niyyətindəyik”. – deyə T.Sadıxov əlavə edib.

 

Görüş interaktiv müzakirə şəraitində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Teymur Sadıxov mühəndislik və elmi-tədqiqat işləri üzrə peşəkar mütəxəssis, aerokosmik mühəndislik üzrə fəlsəfə doktorudur. Robot teknikası, sürücüsüz avtomobillərin idarəedilməsi, hərəkət planlaması, avtomobil və aerokosmik sistemlər kimi sahələr üzrə uğurlu komanda işlərinə rəhbərlik edib, qabaqcıl robotik məhsullarının hazırlanmasında iştirak edib. Hazırda süni intellekt və robot texnikası istiqamətində peşəkar texnologiya məsləhətləri,  eyni zamanda, süni intellekt əsaslı sərmayə (startaplar, kapital və daşınmaz əmlak bazarları) və idarəetmə üzrə peşəkar tövsiyələr verir.

 

O, bakalavr dərəcəsi üzrə Türkiyənin İstanbul Texniki Universitetini (Təyyarə mühəndisliyi ixtisası üzrə) birinciliklə bitirib. Magistr dərəcəsini ABŞ-ın Kaliforniya və Corciya Texnologiya universitetlərində (Mühəndislik Elmləri, Mexanika Mühəndisliyi ixtisası üzrə) alıb. ABŞ-ın Corciya Texnologiya İnstitutunda aerokosmik mühəndisliyi ixtisası üzrə Fəlsəfə doktorudur.