Xəbərlər
Prezident təqaüdçüsü : Bakı Ali Neft Məktəbindəki təhsil sistemi digər universitetlərlə müqayisədə daha çox tələbkardır
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Mədinə Məmmədovadır. O, 682 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.
Mədinə Məmmədova 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 2008-2019-cu illərdə Xırdalan şəhəri 2 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi qızıl medalla bitirib. 11-ci sinifdə Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə bürünc medal qazanıb.
- Qəbul imtahanını necə xatırlayırsınız?
Buraxılış imtahanı zamanı balım bir az aşağı düşmüşdü, daha sonra blok imtahanı zamanı daha yüksək bal topladım. Düzdür, 700 bal yığa bilməsəm də, qəbul balıma görə Abşeron rayonu üzrə 1-ci oldum.
- Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?
Həmişə axtarışda idim. Axtarışlarımın nəticəsi olaraq gəldiyim yekun fikir o idi ki, mənim üçün informasiyanın qorunması və gizli qalması çox önəmlidir. Ona görə özümü bu sahədə gördüm və tədrisin ingilis dilində olduğunu eşidəndə lap həvəsləndim.
- Bəs, Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?
Bakı Ali Neft Məktəbi hər yerdədir: interneti açırdım BANM, insanlar da gəlib danışırdı. Adam istər-istəməz məlumatlı olur.
- Niyə məhz BANM-i seçdiniz?
BANM-dəki təhsil sistemi digər universitetlərlə müqayisədə daha çox tələbkardır, üstəlik Ali Məktəbin saytında əməkdaşlıq elədiyi şirkətlərin loqoları çox cəlbedici idi mənim üçün, ən yadımda qalan “Microsoft” şirkətinin loqosu idi. Bütün bunlar seçimimi BANM üzərində etməyə vadar elədi.
- BANM-də oxumaq hədəfinizə necə çatdınız?
Çalışıb qazanmışam. Bütün günü oxumamışam təbii ki. Prezident təqaüdçüsü olmaq da gözəl duyğudur, qohumlar zəng vurub təbrik edirdi ki, adını siyahıda gördük.
- Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?
Ailədə məni çox sıxmayıblar heç vaxt. Qrupumu da, ixtisasımı da, universitetimi də özüm seçmişəm.
- Ən böyük arzunuz?
Ən böyük arzum yoxdur, çünki sayı çoxdur, insanın hər yaşda arzuları dəyişir.
- Hobbiləriniz nədir?
İnternetdə vaxt keçirməyi sevirəm.
- İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiniz?
İxtisasımdan əlavə, tibbin müxtəlif sahələrindən tutmuş psixologiya sahəsinə qədər maraq göstərirəm. I qrupa sənədlərimi verməsəydim, yəqin psixologiya sahəsinə gedərdim. Bir az da marketinq və başqa ölkədə olsaydım, riyaziyyat müəllimliyi maraqlı gəlir. Ümumiyyətlə, insan elə bir sahədə olmalıdır ki, həmişə yeniliklər olsun, həmişə də öz üzərində çalışsın.
- Hansı janrda kitablar oxuyursunuz?
Axır vaxtlar kitab oxumuram, buna vaxtım yoxdur. Oxuyanda da detektiv janrında, eləcə də psixologiyaya dair kitablar oxuyuram.
- BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?
Xüsusi planım, hədəfim yoxdur. Hər şeyi zamanın axarına buraxmışam, zamanla nəyi doğru hesab edəcəmsə, onu da seçəcəm.