Xəbərlər

Bakı Ali Neft Məktəbində fövqəladə hallara hazırlıqla bağlı görüş keçirilib

          Bakı Ali Neft Məktəbində (BANM) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda görüş keçirilib.

 

          Xətai rayon üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Rəfail Musayevin iştirakı ilə keçirilmiş MM qüvvələrinin xəbərdarlıq və toplanış görüşünün əsas məqsədi fövqəladə hallara hazırlıq tədbirləri barədə olub.

 

          Qonağı salamlayan Ali Məktəbin Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov təxliyyə planının - fövqəladə hallarla bağlı davranış qaydalarının hər bir müəssisə kimi,  BANM üçün də əhəmiyyətli olduğunu və bununla bağlı BANM-də mütəmadi maarifləndirmə tədbirlərinin görüldüyünü vurğulayıb.

 

           Polkovnik-leytenant Rəfail Musayev bildirib ki, istənilən hadisənin qarşısını almaq, onun nəticələrini aradan qaldırmaqdan daha asandır. O qeyd edib ki, hansısa hadisə baş verəndə həm insan itkisi, həm də maddi və resurs itkiləri çox olur.

 

            Polkovnik-leytenant R. Musayev fövqəladə hallara hazırlıq tədbirlərini keyfiyyətli təşkil etmək üçün ali təhsil müəssisələri ilə işləməyin vacibliyindən də söz açıb və bu cür həssas məsələlərdə Bakı Ali Neft Məktəbini ali təhsil müəssisələri içərisində nümunəvi hesab edib.

 

            O, eyni zamanda, fövqəladə hallarla bağlı  davamlı formada müəllim-tələbə heyətinə maarifləndirici təlim və praktiki məşqlərin keçirilməsini diqqət mərkəzində saxlamağın əhəmiyyəti barədə də bölüşüb.

 

            Görüşün sonunda polkovnik-leytenant Rəfail Musayev fövqəladə hallara hazırlıq tədbirləri ilə bağlı Ali Məktəbin əməkdaşlarının suallarını cavablandırıb.