Xəbərlər
Prezident təqaüdçüsü : Ən böyük arzum bəşəriyyətə faydalı insan olmaqdır
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də İsgəndər İsgəndərovdur. O, 678,7 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.
İsgəndər İsgəndərov 2002-ci ildə Mingəçevir şəhərində anadan olub. O, 2008-2019-cu illərdə Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyində təhsil alıb və liseyi qızıl medalla bitirib.
- Qəbul imtahanını necə xatırlayırsınız?
Düzü imtahandan əvvəl daha rahat idim, imtahanın ilk 15 dəqiqəsi qəribə həyəcanlandım, daha sonra diqqətimi suallara verməyə başladım.
- Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?
Uşaq vaxtından kompüter sahəsi ilə maraqlanıram, hətta o vaxtdan proqramlaşdırma ilə məşğul olmağa başlamışam. Araşdıranda Azərbaycanda informasiya təhlükəsizliyi ixtisasının olduğunu öyrəndim. Ona görə də qərar verdim ki, bu sahədə ixtisaslaşacam.
- Bəs Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?
Bizim məktəbin məzunlarından BANM-də oxuyanlar vardı, onlardan tez-tez eşidirdim ki, tələbələr üçün yaxşı təhsil və inkişaf imkanları yaradılıb.
- Niyə məhz BANM-i seçdiniz?
Araşdırmalarıma görə, I ixtisas qrupu, xüsusilə mənim sahəm üzrə ölkədə ən yaxşı təhsil Bakı Ali Neft Məktəbində verilir. Üstəlik BANM-də tələbələr ingilis dilindən ilkin hazırlıq kursları keçir, IELTS imtahanı verir, daha sonra ixtisas dərsləri ingiliscə yüksək səviyyədə tədris olunur. Nəticədə BANM-i seçdim.
- BANM-də oxumaq hədəfinizə necə çatdınız?
Heç vaxt kor-koranə çalışmağı sevməmişəm və buna inanmamışam. Əsas məsələ məqsədyönlü çalışmaqdır.
- Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?
Ailəm həmişə dəstək olub, hər zaman ailə üzvlərim mənə anlayış göstərib. Onlar ixtisas seçimində də qarışmayıblar, özüm seçmişəm, onlar da dəstək verib.
- Ən böyük arzunuz?
Ən böyük arzum bəşəriyyətə faydalı insan olmaqdır.
- Hobbiləriniz nədir?
Üzgüçülüklə məşğul oluram. Film və seriallar izləməyi, kompüterlə məşğul olmağı sevirəm.
- Hansı janrda kitablar oxuyursuz?
Elmi-fantastika janrını çox sevirəm və əsasən bu janrda kitablar oxuyuram.
- BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?
Əsas hədəfim BANM-in qoşulduğu “Erasmus” kimi beynəlxalq mübadilə proqramlarında iştirak etmək, BANM-dəki təhsilimi uğurla bitirmək və xaricdə magistr təhsili alıb ölkəmə qayıtmaqdır.