Xəbərlər

Prezident təqaüdçüsü : Bakı Ali Neft Məktəbindəki müəllimlərin tələbələrlə dostyana münasibəti məndə xoş hisslər yaradıb

               Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Turqut Ağaşovdur. O, 689,4 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.

 

                Turqut Ağaşov 2002-ci il ildə İmişli şəhərində anadan olub. O, 2008-2019-cu illərdə İmişli şəhər N.Nərimanov adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyində təhsil alıb və məktəbi qızıl medalla bitirib. Məktəb illərində 2011-2013-cü illərdə şahmat yarışlarında iştirak edib nailiyyətlər qazanıb. Son 4 ildir intellektual yarışmalarda iştirak edib və uğurları var. “Breyn Rinq” intellektual verilişində “İmişli” komandası ilə təmsil olunub. 2016-2017-ci illərdə “Nə, harada, nə zaman” tipli intellektual yarışında komanda üzvləri ilə birgə 1-ci yeri tutublar. 11-ci sinifdə Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə 3-cü yer tutub.

 

  • Qəbul imtahanını necə xatırlayırsınız?

 

                  Qəbul imtahanları o qədər də çətin olmadı, çünki hazırlaşırdım, sınaqlarda da iştirak edirdim, az-çox təcrübəm var idi. Amma yenə də məsuliyyətdən irəli gələn həyəcanım var idı. Suallara gəlincə, mən daha çox dəqiq sualları sevirəm, açıq tipli suallarda tam dəqiqlik yox idi deyə, bu, məndə bir az narahatlıq yaratmışdı.

 

  • Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

 

                   Əvvəllər hüquqşünas, sonra həkimlik sahəsində olmağı arzulayırdım, daha sonra dəqiq fənlərə sevgim məni vadar elədi ki, I qrup ixtisasları haqqında düşünüm. Çox araşdırandan sonra qərara gəldim ki, özümə yaxın informasiya təhlükəsizliyi sahəsidir və bu sahədə özümə cığır aça bilərəm.

 

 

  • Bəs Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

           

                  İlk dəfə “Abituriyent” jurnalında Bakı Ali Neft Məktəbinin tanıtım reklamını görmüşdüm, yüksək ballı uşaqların bu ali məktəbə qəbul olunması diqqətimi çəkmişdi.

 

 

  • Niyə məhz BANM-i seçdiniz?

 

                Araşdıranda dərslərin keyfiyyəti, tədrisə ciddi yanaşma, ölkə miqyasında nüfuzu və prestijli olması və ən əsası, müəllimlərin tələbələrlə dostyana münasibəti haqqında eşitmək mənə xoş təsir eləmişdi və buna görə də seçim edəndə məhz Bakı Ali Neft Məktəbi üzərində dayandım.

 

 

  • BANM-də oxumaq hədəfinizə necə çatdınız?  

 

              Məktəbli vaxtından çalışmışam ki, bütün fənləri eyni dərəcədə yaxşı oxuyum, universal dünyagörüşünə sahib olum və hər sahədən məlumatlı olum. Yəni qısa ifadə eləsək, təkcə hazırlıq vaxtı yox, məktəb illərindən yaxşı oxumaq, utancaq olmamaq, bilmədiyin hər şeyi soruşmaqdan çəkinməmək, insanlarla gözəl ünsiyyətdə olmaq, vaxtı idarə edərkən dərs, yuxu və istirahət balansını gözləmək məni hədəfimə çatdırdı. 

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiniz?

 

              Ailədə dörd nəfərik: anam, atam, qardaşım və mən. Onu etiraf eləməliyəm ki, təhsilli olmağımda ən çox anamın rolu olub. Ciddi formada məni diqqətində saxlayıb, dərslərimə yanaşmamı izləyib, çətinliklərim olanda yardım edib, inkişafıma müsbət təsir edib. Ailəmin digər üzvləri də hər zaman mənə motivasiya verib.

 

  • Ən böyük arzunuz?

 

               Parıldamasam da olar, mənimçün ən vacib arzu işimin ustası olmaq, ailə üzvlərim, əzizlərimlə birlikdə sağlam və xoşbəxt həyat yaşamaqdır.

 

  • Hobbiləriniz nədir?

 

                Əsas hobbim şahmat və kubik-rubik oynamaqdır. Bəzən gecələr dərslərdən yorulanda kubik-rubik oynayıb stressimi atırdım və bundan böyük zövq alırdım. Dram janrında film izləməyi də sevirəm, çünki həyata daha çox yaxın olan janr dramdır. “Mənim adım Xandır” filmi də ən sevimli filmdir.

 

 

  • İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?

 

                Ekstrim idman növünə marağım böyükdür, xüsusilə paraşütlə tullanmaq, alpinistlik xoşuma gəlir. Bir də pilotluq sahəsinə çox həvəsim var. Əlimdə şansım olsa, bu sahələrdə vərdişlərimi inkişaf etdirməyi, hətta təhsil almağı düşünürəm.

 

 

  • Hansı janrda kitablar oxuyursuz?

 

                 Həm bədii ədəbiyyat, həm də detektiv janrında kitablar oxuyuram. Etil Lilian Voyniçin “Ovod” əsəri ən sevimlimdir, o əsər yaxşı mənada insana inadkar olmağı, öz ideya və arzularının arxasınca getməyi, insanlara faydalı olmağı aşılayır. Bir də Artur Konan Doylun “Şerlok Holmsun macəraları” əsərini çox sevirəm, əsər mənə insanları tanımaq üçün diqqətli və səbrli olmağı, insanları yaxşıca müşahidə etməyi öyrədib.

 

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

 

                 BANM-dəki təhsilimlə bağlı mənə verilmiş şansdan maksimum yararlanmaq, sahəmin eksperti olmaq üçün əlimdən gələni etmək, proqramlaşdırma sahəsində Python, C++, C Sharp, Java, JavaScript dillərini daha yaxşı öyrənməyi hədəfləyirəm. Bir də ən əsası, bu beş ildə özümə insan şəbəkəsi yığmağı düşünürəm, çünki insanlarla əlaqələr hər zaman həyatımızda böyük rol oynayır. Bundan əlavə, gələcəkdə ABŞ-da Massaçusets Texnologiya İnstitutunda magistratura təhsili almaq istəyirəm.