Xəbərlər

Prezident təqaüdçüsü : Hədəfim İnformasiya təhlükəsizliyi ixtisasını məhz Bakı Ali Neft Məktəbində oxumaq idi

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Rüstəm Həbibullayevdir. O, 687,3 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.

 

Rüstəm Həbibullayev 2002-ci il ildə Bakı şəhərində anadan olub. O, 2008-2019-cu illərdə  Bakı Avropa liseyində təhsil alıb.

 

  • Qəbul imtahanını necə xatırlayırsınız?

 

Açığı, otağa daxil olanda bir az həyəcanım vardı, sonra sualları görəndə gördüm ki, həmişə gördüyümüz suallardır, həyəcanım keçdi. Yeni sistemdə açıq tipli suallar vardı, bu, çox xoşuma gəlmişdi. Çünki bu cür suallar təkcə bilikləri deyil, həm də bacarıqları və çevikliyi yoxlayır. Elədiyim səhvlərə görə maksimal bal yığa bilməsəm də, istədiyim yerdə, istədiyim sahədəyəm.

 

  • Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

 

10-cu sinifdə ixtisasları incələyəndə qərara gəldim ki, həm həvəsimə, həm də riyaziyyat biliklərimə görə kompüter sahəsinə aid ixtisaslar mənə daha uyğundur. Nəticədə çox vacib sahə olan “İnformasiya təhlükəsizliyi” ixtisası üzərində dayandım.

 

  • Bəs Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

 

Özüm təhsil səhifələrini internetdən müntəzəm izləyirdim, orada da rast gəlirdim, eləcə də çevrəmdə olan BANM tələbələrindən də buradakı yaxşı təhsil haqqında tez-tez eşidirdim.

 

  • Niyə məhz BANM-i seçdiniz?

 

Nə istədiyimi müəyyən edəndən sonra ali təhsil müəssisələrini araşdırmağa başladım. Gördüm ki, sahəmə uyğun ümidverici təhsil Bakı Ali Neft Məktəbindədir. O zaman hədəf qoydum ki, “İnformasiya təhlükəsizliyi” ixtisasını məhz Bakı Ali Neft Məktəbində oxumalıyam.

 

  • BANM-də oxumaq hədəfinizə necə çatdınız?

 

İnsanın hansısa məqsədi varsa, ona başlamaq işin yarısıdır. Qalan hər şey çalışmaq, çalışmaq və yenə də davamlı çalışmaqdır.

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?

 

Ailəm 1-ci sinifdən mənə həm maddi, həm mənəvi dəstək olub. Anam müəllimədir, dərslərimlə bağlı çətinliklərim olanda suallarımı rahat verə bilirdim.

 

  • Ən böyük arzunuz?

 

Ən böyük arzum öz ixtisasım üzrə peşəkar ekspert olmaq, tarixdə öz sahəmdə iz qoymaq və insan kimi ölkəmizə, bəşəriyyətə fayda verməkdir.

 

  • Hobbiləriniz nədir?

 

Hobbilərim çoxdur. Əsasən futbol və basketbol oynamağı çox sevirəm. Futbolda “Real Madrid” klubuna, basketbolda isə “Lakers” komandasına azərkeşlik edirəm.

 

  • İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?

 

Tarixi coğrafiyanı, Yer kürəsini araşdırmağı çox sevirəm. Bədii ədəbiyyat da maraqlandığım sahələrdəndir.

 

  • Hansı janrda kitablar oxuyursuz?

 

Elmi-fantastik və detektiv janrında kitablar oxumağa üstünlük verirəm.

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

 

Hələlik əsas hədəfim bakalavr təhsilini bitirmək, daha sonra BANM-də və ya Almaniya və ya Fransada magistratura təhsili almaqdır.