Xəbərlər
Prezident təqaüdçüsü : Otağımın divarlarına yazıb yapışdırmışdım ki...
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Sevər Cəfərlidir. O, 684,2 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.
Sevər Cəfərli 2002-ci il ildə Bakı şəhərində anadan olub. O, ibtidai sinfi 2008-2012-cü illərdə 94 saylı tam orta məktəbdə, yuxarı sinfi 2012-2019-cu illərdə Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyində oxuyub. Liseyi fərqlənmə attestatı ilə bitirib. Məktəb illərində tədrisdə göstərdiyi nailiyyətlərə görə təqdirnamələr, təşəkkürnamələr və sertifikatlar qazanıb.
- Qəbul imtahanını necə xatırlayırsız?
- Bu il qəbul imtahanlarında sistem fərqli oldu bir az, əsasən açıq tipli suallar oldu. Əslində yaxşı oxuyan uşaqlar üçün heç nə çətin deyildi, sadəcə bir az həyəcanıma yenildim, 700 bal yığa bilmədim. Amma yenə də peşiman deyiləm, əsas məsələ odur ki, istədiyim ixtisasda oxuyacam.
- Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?
- İnternetdə informasiya təhlükəsizliyi ilə bağlı trendləri izləyirdim. Dünyada informasiya təhlükəsizliyi sahəsində olan problemlər haqqında, eləcə də datanın qorunması ilə bağlı məqalələr oxuyurdum. Sahə yeni olduğu üçün ölkədə də yerli kadrlar demək olar, yox səviyyəsindədir. Ona görə düşündüm ki, bu sahədə ixtisaslaşıb faydalı ola bilərəm.
- Bəs, Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?
- BANM haqqında ilk dəfə “Abituriyent” jurnalında oxumuşdum. Orada Ali Məktəblə bağlı elan var idi. Ən çox diqqətimi çəkən “Biz iş axtarmırıq, iş bizi axtarır”, “Məzunlarımız 100% işlə təmin olunur” cümlələri idi.
- Niyə məhz BANM-i seçdiniz?
- Bakı Ali Neft Məktəbi ixtisasımla bağlı ingilis dilli yaxşı təhsil vəd edirdi. Ətrafda BANM-də oxuyan uşaqlar burada nəzəriyyə ilə yanaşı, təcrübənin də güclü olduğunu, tələbələrin istehsalat təcrübələrinə göndərildiyini deyirdi. Bütün bunlar mənə qəti qərar verməyimdə yardımçı oldu.
- BANM-də oxumaq hədəfinizə necə çatdınız?
- Ən vacib məsələ odur ki, elədiyin hər şeyi sevərək edəsən. Mən dərs oxumağı çox sevirdim, həvəslə də hazırlaşırdım. Məqsəd də qoymuşdum ki, tələbə adını qazanmalıyam. Məqsədimi unutmamaq üçün otağımın divarlarına yazıb yapışdırmışdım ki, mən məhz Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olmalıyam. Düzdür, 700 bal yığmaq istəyirdim, amma məqsədimə çatdım. Qısası, məqsədə gedən yolda işin 50 %-i özünə inanmaq, yaxınlarının və müəllimlərinin sənə dəstəyidirsə, qalan 50%-i isə sevərək və əzmlə, sistemli çalışmaqdır.
- Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?
- Ailədə dörd nəfərik, anam, atam, qardaşım və mən. Ailəlikcə mühəndis ailəsiyik, babam da mühəndis olub. Qardaşım abituriyentdir və tibb sahəsinə hazırlaşır. İxtisas seçimi də öz istəyimlə olub. Ailəmə nə qədər təşəkkür eləsəm azdır, uşaqlığımdan indiyə kimi hər zaman yanımda olublar, hər zaman “Sənə inanırıq” deyiblər. Bu, insana hər addımında xüsusi motivasiya verir.
- Ən böyük arzunuz?
- Mən həmişə başqalarından seçilməyi sevmişəm. Hər şeydə olduğu kimi, öz ixtisasımda da seçilməyi və adımı tarixə yazdırmaq ən böyük arzumdur.
- Hobbiləriniz nədir?
- Kitablar, filmlər, musiqidən zövq alıram. Bir də mətbəxi, xüsusilə şirniyyat bişirməyi çox sevirəm.
- İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiniz?
- İxtisasımdan əlavə, kimya sahəsinə, xüsusilə farmakologiyaya marağım var, gələcəkdə bu sahədə də biliklərimi dərinləşdirmək istərdim.
- Hansı janrda kitablar oxuyursunuz?
- Elmi-fantastik janrda olan kitablar ən sevimlimdir. Hazırda Ayzek Azimovun “Mən, robot” kitabını almışam, onu həvəslə oxumağa başlayacam. Bədii ədəbiyyatda Xalid Hüseynin kitabları və üslubunu çox sevirəm.
- BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?
- Qarşımdakı 5 ildə ixtisasımı mükəmməl öyrənmək, proqramlaşdırma sahəsində bilik və bacarıqlarımı inkişaf etdirmək və magistraturanı xaricdə oxumağı hədəfləmişəm. Gələcəkdə alınsa, süni intellekt sahəsinə yönəlmək arzum var, bakalavr təhsilimdən sonra daha dəqiq biləcəm.