Xəbərlər

Prezident təqaüdçüsü : Mühəndislik sahəsinə yeniliklər gətirəcəm

             Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu  üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Abdulla Axundzadədir. O, 674,1 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub

 

             Abdulla Axundzadə 2002-c il ildə Babək rayonu, Cəhri kəndində anadan olub. O, 2008-2014-cü illərdə Cəhri kəndində Qəzənfər Ələkbərov adına 1 saylı orta məktəbdə təhsil alıb. 2014-cü ildə Naxçıvan Türk liseyinə qəbul olub. Daha sonra təhsilini Naxçıvan şəhər Heydər Əliyev adına orta məktəbdə davam etdirib, 2019-cu ildə həmin məktəbi qızıl medalla bitirib. Abdulla Axundzadə həm də Fizika fənni üzrə Respublika Olimpiadasında ikinci yeri tutub.

 

  • Qəbul imtahanını necə xatırlayırsız?

 

  • İçəri daxil olanda otaqda ağır stress vardı, sonra gördüm ki, nəzarətçilər mədəni və gülərüzdür, həm də tez özümü ələ aldım ki, stresslə heç nəyə nail olmaq olmaz, səhvlərim olsa da, nəticə ürəyimcədir.

 

  • Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

 

 

  • Əsas həvəsi atam yaradıb, o, özü də avtomatika sahəsi üzrə təhsil alıb, o hər zaman bu sahə ilə bağlı təcrübələrini mənimlə bölüşürdü.  Böyüdükcə qərar  verdim ki, avtomatika sahəsində təhsil alacam.

 

 

  • BANM haqqında harada eşitmişdiniz?

 

  • Naxçıvanda oxuduğum məktəbə bir praktikant gəlmişdi, özü Naxçıvan Dövlət Universitetinin tələbəsi idi. O, mənə dedi ki, Bakıya gedib I qrupa sənədlərini verəcəksənsə, Bakı Ali Neft Məkəbi (BANM) keyfiyyətə görə ölkənin ən yaxşı ali təhsil müəssisəsidir. İlk dəfə BANM haqqında məhz ondan eşitmişdim.

 

  • Niyə məhz BANM-i seçdiniz?

 

 

  • Atam, atamın dostları, bütün ətrafımdakı insanlar sahəm üzrə ən yaxşı təhsilin Bakı Ali Neft Məktəbində olduğunu deyirdi və hədəfim BANM-də təhsil almaq oldu.

 

  • BANM-də oxumaq hədəfinizə necə çatdınız?

 

 

  • Düşünürəm ki, uğura gedən yolda əsas məsələ birinci çalışmaq istəyidir, daha sonra effektli və sistemli çalışmaq şərtdir. Mən özümə güvənirdim, insan özünə inanmasa, çalışmağın əhəmiyyəti qalmır. Bəzən görürdüm ki, beyin işləmir, o zaman özümə istirahət verirdim, çünki yorğun beyinlə dərs oxumağın mənası yoxdur. Dincəlmək üçün bədii ədəbiyyat oxuyurdum, filmlərə baxırdım və arada çıxıb gəzirdim, fikrimi dağıdırdım, daha sonra yenə dərslərə davam edirdim. Qısa desək, özünə güvənmək, effektli çalışmaq və istirahətlə balans yaratmaq hədəfimə çatmaqda əsas rol oynayıb.

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə deyə bilərsiz?

 

 

  • Ailədə dörd nəfərik: anam ibtidai sinif müəlliməsidir, atam Neft və Sənaye Universitetinin məzunudur, bacım Azərbaycan Tibb Universitetin tələbəsidir,
    Ailəm uşaqlıqdan dünyagörüşümün formalaşmasında çox rol oynayıb. Anam daha çox məqsədyönlü olmağı öyrədib, istənilən nəyəsə təkbaşına nail olmağı, əziyyət çəkməyi aşılayıb, çünki həmişə adamlar yanında olmaya bilər, ona görə insan gərək hər kəsdən öncə özünə güvənsin. Atam ixtisasımı seçməyimə təsir edib, bacım da seçdiyim sahəni sevməyi öyrədib.

 

  • Ən böyük arzunuz?

 

 

  • İnanıram ki,  BANM-də təhsilimi başa vurduqdan sonra, mühəndislik sahəsinə yeniliklər gətirəcəm. Məsələn, istər raket texnologiyaları, istər elektrik sahəsi, istər informasiya texnologiyaları olsun burada ciddi yeniliklərə ehtiyac var. Hələlik elmi məqalələr oxuyuram, ekologiya amili məni düşündürür, dünyada ətraf mühit çox çirklənir, bunu azaltmaq olar, yanacaq mühərriklərinin faydalı iş  əmsalını artırmaq olar, yerin daxilindəki tapıntıların ortaya çıxması və s. BANM-də 5 ilim var, təhsil aldıqca araşdırma istiqamətlərimi daha da dərindən öyrənəcəm.

 

  • Hobbiləriniz nədir?

 

 

  • Şahmat, bədii ədəbiyyat, incəsənət. Şahmatda xüsusilə Magnus Karlsenin oyunlarını izləmək zövq verir.

 

 

  • İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?

 

  • Bədii yaradıcılıq məni maraqlandırır, rəssamlığı çox sevirəm, vaxt edib rəsm çəkmək vərdişlərimi inkişaf etdirmək istəyirəm.

 

  • Hansı janrda kitablar oxuyursuz?

 

 

           Əsasən bədii ədəbiyyatı sevirəm, ən sevimli yazıçım da Fyodor Dostoyevskidir.

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

 

           Hələlik  beş illik təhsil zamanı  hədəfim ixtisasımı yüksək səviyyədə mənimsəmək, ingilis və rus dili biliklərimi daha da inkişaf etdirmək, proqramlaşdırmanı öyrənmək və sosial bacarıqlarımı formalaşdırmaqdır. Gələcək üçün ən böyük hədəfim ixtisaslı mütəxəssis kimi “Microsoft” şirkətində çalışmaqdır.