Xəbərlər
Prezident təqaüdçüsü : Beynəlxalq təhsil proqramlarına uyğun təhsil almaq üçün Bakı Ali Neft Məktəbini seçdim
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Eyyub İsmayıldır. O, 675.8 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.
Eyyub İsmayıl 10.11.2002-ci il tarixində Bakı şəhərində anadan olub. 2008-ci ildə 160 saylı Klassik Gimnaziyada təhsil almağa başlayıb, 2012-ci il tarixindən etibarən Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyində təhsilin davam etdirib və liseyi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyində təhsil aldığı müddətdə riyaziyyat və fizika fənnlərindən bir neçə dəfə Respublika Fənn Olimpiadalarının qaliblərindən olub. 2017-ci ildə “Sabahın Alimləri” VI Respublika Müsabiqəsində fizika və astronomiya kategoriyası üzrə “Fotohəssas incə filmlər PbMnTe” layihəsi ilə iştirak edib 2-ci yerə layiq görülüb. 2018-ci ildə “Sabahın Alimləri” VII Respublika Müsabiqəsində riyaziyyat kategoriyası üzrə “2017/2018-ci tədris ilinin riyazi məsələləri” layihəsi ilə 1-ci yerin qalibi olub. 9-11 may 2018-ci il tarixlərində Türkiyə Respublikasının Sivas şəhərində təşkil olunan 12-ci Uluslararası MEB Robot Yarışmasında iştirak edib.
- İsmayıl, qəbul imtahanını necə xatırlayırsız?
- Qəbul imtahanından əvvəl Dövlət İmtahan Mərkəzinin keçirdiyi bir neçə sınaq imtahanında iştirak etdiyim üçün əsas imtahanlarda heç həyəcan hiss etmədim. Ümumən suallar əhatəli və mənim üçün asan idi.
- Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?
- Amerikada yaşayan dayım mənə “İnformasiya təhlükəsizliyi” ixtisasının bu gün və gələcək illərdə prioritet sahə olduğunu demişdi.
- Bəs, Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?
- Qəbul imtahanına hazırlaşan zaman hazırlıq mərkəzində müəllimlərim mənə Bakı Ali Neft Məktəbini məsləhət etmişdilər. Özüm də araşdırdım, mənim tələblərimə cavab verən ali təhsil müəssisəsi olduğu qənaətinə gəldim.
- Niyə məhz BANM-i seçdiniz?
- Öz ölkəmizdə beynəlxalq təhsil proqramlarına uyğun təhsil almaq istədiyim üçün məhz Bakı Ali Neft Məktəbini seçdim.
- Sevdiyiniz ixtisasa qəbul olmaqçün məqsədinizə necə çatdınız?
- Qəbul imtahanına qətiyyətlə hazırlaşırdım.
- Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?
- Ailəm mənə tam dəstək olurdu.
- Ən böyük arzunuz?
- ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyində (NASA) işləmək ən böyük arzumdur.
- Hobbiləriniz nədir?
- Kitab oxumaq, futbol oynamaq.
- İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?
- Astronomiya, Coğrafiya, Kimya.
- Hansı janrda kitablar oxuyursuz?
- Detektiv.
- BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?
- Təhsil alacağım müddət ərzində əsas hədəfim yerli və xarici layihələrdə nailiyyətlər əldə edib, Ali Məktəbi uğurla bitirmək və təbii ki, yaxşı iş tapmaqdır.