Xəbərlər

BANM-də imtahanlar başa çatdı

Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin yay imtahan sessiyası sona çatıb. Belə ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tələbələrin yay imtahan sessiyasındakı sonuncu imtahanı may ayının 29-da keçirilib. BANM-də 2014/2015-ci tədris ilinin yay imtahan sessiyasının təşkili ilə bağlı Ali Məktəbin rektoru Elmar Qasımov müvafiq əmr imzalayıb. Əmrə əsasən, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə imtahanlar mayın 22-də, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə imtahanlar isə mayın 29-da başa çatıb.

Xatırladaq ki, BANM-də iki ixtisas - “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələr Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə, bu ixtisaslar üzrə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilib. Heriot-Vatt Universitetindən Bakı Ali Neft Məktəbinə ezam edilmiş 5 nəfərdən ibarət heyət orada tərtib olunmuş imtahan sualları əsasında imtahanları təşkil edib, onların gedişinə nəzarət ediblər. Tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Heriot-Vatt Universitetinə göndərilib. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.

Qeyd edək ki, BANM-də hazırlıq kursunun İELTS imtahanı iyun ayında British Council tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbində hal-hazırda 345 tələbə təhsil alır. Onlardan ikisi – Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Kamran Əliyev və Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Aidə Soltanova Bakı Ali Neft Məktəbi tərəfindən Böyük Britaniyanın Heriot-Vatt Universitetinə göndərilərək, 2014-2015-ci tədris ilinin yaz semestri ərzində Böyük Britaniyada təhsil alıblar.