Xəbərlər
Övladlarım mənim yolumu seçdi
Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər günü”dür. Bu münasibətlə, müsahibimiz uzun illər SOCAR-ın müxtəlif müəssisələrində çalışan, bu il iki oğlu yüksək balla Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan Namiq Azadlıdır.
- Namiq müəllim, SOCAR ailəsinin üzvü olaraq sizi peşə bayramı münasibəti ilə təbrik edirik. Uzun müddət “Neft Daşlarında” çalışmısız. Necə oldu ki, övladlarınız da Neft-qaz mühəndisliyi ixtisasını seçdilər?
- Təşəkkür edirəm. Fürsətdən istifadə edib, “Azərbaycan Neft və Qaz sənayesi İşçilərinin Peşə bayramı” və “Əsrin Müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə bütün SOCAR ailəsini ürəkdən təbrik edirəm, neftçilərimizə müvəffəqiyyətlər, yeni-yeni uğurlar arzulayıram.
Bəli, qeyd etdiyiniz kimi, mən özüm də neftçiyəm, 26 ildir neft – qaz sənayesində çalışıram. Qətiyyətlə deyə bilərəm ki, övladlarım da mənim yolumu davam etdirirlər.
Onların uşaqlıq illərini xatırlayanda yadıma düşür ki, o vaxtlar “Neft Daşları”nda işləyəndə evə gələrkən hər üç oğlumun ardı-arası kəsilməyən suallarına cavab verməyə məcbur olurdum. Neftçi peşəsinin nə qədər ağır, şərəfli peşə olduğunu onlara uzun-uzadı anladırdım. Yəqin ki, onlarda da bu peşəyə maraq və məhəbbət o günlərdən yaranıb. Bu səbəbdən, hər üç oğlum öz gələcəyini neftçi peşəsinə bağlayıb. Qeyd edim ki, böyük oğlum Murad da “Neft-qaz mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alır.
- Digər oğullarınız Rəşad və Rəşid Bakı Ali Neft Məktəbini seçib. Gözləntiləriniz nədən ibarətdir?
- Bilirsiz ki, hazırda SOCAR-ın Qaz İxrac İdarəsində işləyirəm. Övladlarımın mənim yolumu davam etdirmək istəyi və BANM–i seçmələri məndə böyük qürur və fərəh hissi yaradır. Ümumiyyətlə, qəbul imtahanlarından yüksək bal toplayan gənclərin böyük əksəriyyətinin BANM-i seçmələri, neftçi peşəsinə yiyələnmək istəyi Azərbaycan Neft sənayesinin sabahı haqqında böyük ümüdlər yaradır.
BANM-nin rəhbərliyinə, müəllim və texniki heyətinə təşəkkür edir, inanıram ki, onların köməyi sayəsində övladlarım mükəmməl bilik və bacarığa malik mütəxəssis kimi bu ali məktəbi bitirərək iqtisadiyyatımızın inkişafı, Vətənimizin çiçəklənməsi üçün vicdanla çalışacaqlar.
- Rəşad həm də, ölkə üzrə 102 Prezident təqaüdçüsündən biri oldu. Təəssüratlarınızı bölüşməyinizi istərdik.
- Ümumiyyətlə, övladlarımın ali məktəbə qəbul olması bütün valideynlər kimi mənim ailəm üçün də sevincli və fərəhlidir. Bizim üçün isə ikiqat sevinclidir. Çünki, övladlarım Rəşad 679 balla, Rəşid isə 664 balla Azərbaycanın ən nüfuzlu ali təhsil ocağı olan Bakı Ali Neft Məktəbinin tələbəsi olaraq təhsilə başlayıb. Sevincimizin üzərinə daha bir sevinc möhtərəm Prezidentimizin 9 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə oğlum Rəşadın “Prezident Təqaüdünə” layiq görülməsi ilə gəldi. Öz adımdan, ailəmiz adından və bütün valideynlər adından cənab Prezidentə minnətdarlığımızı bildirir, təhsilə, gənclərə göstərdiyi diqqət-qayğıya görə sonsuz təşəkkür edirik.