Xəbərlər
Kimya elmləri doktoru, professor Rəna Mustafayeva
"Mən inanıram ki, BANM-in məzunları dünya elmində öz sözlərini layiqincə deyəcəklər."
Bakı Ali Neft Məktəbinin "Ali təhsildən sonrakı təhsil(doktorantura) şöbəsinin" şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayeva 1955-ci ildə Bakı şəhərində anadan olub. O, 1977-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra indiki «Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi» ASC əmək fəaliyyətinə başlayıb. Uzun illər mühəndis, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Həmin institutda çalışdığı illərdə (1977-1995-ci illər) o dövrün ən aktual problemlərindən olan p-ksilolun və p-viniltoluolun toluolun (p-ksilolun) metanolla iki mərhələli prosesdə alkilləşməsi, stirolla etilbenzolun birgə alınması prosesləri üçün seolitlər əsasında effektiv katalizatorların işlənib-hazırlanması, eləcə də pirokondensatın və digər texniki aromatik konsentratın emalı üçün polifunksional katalizatorların yaradılması problemi ilə məşğul olub. 1995-1997-ci illərdə Respublika İncəsənət Gimnaziyasında kimya müəllimi, 1997-2013-cü illərdə isə Azərbaycan Tibb Universitetinin «Ümumi və toksikoloji kimya» kafedrasında assistent, dosent və nəhayət professor vəzifələrində çalışıb. Bu illər ərzində apardığı elmi-tədqiqatlar nəticəsində və gərgin əməyi sayəsində kimya elmləri doktoru elmi dərəcəsi, professor elmi adı alıb. 2013-cü ilin sentyabr ayında BANM-də “Ali təhsildən sonrakı təhsil(doktorantura)” şöbəsinin rəisi vəzifəsinə təyin olunub və hazırda həmin şöbənin rəhbəridir.
1. Rəna xanım, elmi fəaliyyətinizdə ən yadda qalan hadisə nə olub?
- Elmi fəaliyyətimdə ən yadda qalan günlər elmi konfransda ilk çıxışım, elmi axtarışlarımda əldə etdiyim ilk müsbət nəticə, eləcə də namizədlik və doktorluq dissertasiyalarımın müdafiələri olub. Bununla yanaşı, 2012-ci ildə 20 illik elmi-tədqiqatlarımın nəticəsi olan "Seolittərkibli katalizatorlar alkilləşmə proseslərində" adlı monoqrafiyamın Almaniyada Alman Milli kitabxanası tərəfindən «Lambert Aсademiс Publishing» nəşriyyatında nəşr olunması və həmin kitabxana tərəfindən bu nəşrin Almaniyanın kitab kataloquna daxil edilməsi mənim üçün elmi fəaliyyətimin unudulmayan səhifələrindən biridir.
2. Sizdə təbiət elmlərinə maraq və kimya ixtisası üzrə təhsil almaq fikri necə yaranmışdı?
- Təbiət elmlərinə maraq məndə hələ uşaqlıq illərimdə ailəmdə yaranmışdı. Atam Mehdi Mustafayev təbiətə bağlı bir insan olduğundan bizim ailədə həmişə təbiətə və təbiət elmlərinə, xüsusən də kimya, biologiya fənlərinə xüsusi maraq olub. Məndə isə kimyaya maraq hələ orta məktəb illərimdən dünyada tanınmış kimyaçı alimlərin elmi işlərinin nəticələrinə həsr olunmuş bir filmə baxandan sonra yaranıb. Həmin filmdə verilən kadrlarda kimyanın bir elm kimi nə qədər maraqlı, nə qədər rəngarəng olduğu, onun insan həyatında nə qədər əhəmiyyətli yer tutduğu məni özünə cəlb etmişdi. Artıq orta məktəbi bitirəndə heç düşünmədən sənədlərimi Bakı Dövlət Universitetinin kimya fakültəsinə verdim və qəbul olundum. Hesab edirəm ki, bu, mənim ən düzgün seçimimdir.
3. Bir qadın üçün kimya üzrə mütəxəssis olmanın çətin tərəfləri hansılardır? Elm adamı nələri gözə almalıdır?
- Bir qadın – ana üçün Azərbaycan elminin prioritet sahələrindən biri olan kimya sahəsində çalışmağın həm çətin və əziyyətli, həm də maraqlı və mənalı tərəfləri var. Əlbəttə, tədqiqatçı qadın üçün ən mühüm məsələlərdən biri də həyat yoldaşı, ana və elmi iş – bu 3 vəzifəni birini digərindən kənarda qoymamaqla həyatı boyu davam etdirməkdir. Kimya sahəsində praktikada tətbiq olunan proseslərlə məşğul olan tədqiqatçıların isə çətinlikləri daha çoxdur. Mənim məşğul olduğum neft-kimya sahəsində kimyəvi proseslərin sənayedə tətbiqinə dair tövsiyyələr vermək üçün fasiləsiz şəraitdə təcrübələr aparılmalı, optimal rejim seçilməlidir. Bir qadın, eyni zamanda ana üçün bu işlərin nə qədər çətin olduğunu kimyaçılar çox yaxşı bilir. Çətinliklərdən çox danışıb bu sahədə tədqiqatla məşğul olmaq istəyən gəncləri qorxutmaq istəməzdim. Əldə etdiyimiz nəticələr elm aləmində qəbul olunanda, təklif etdiyimiz hər hansı bir yenilik patentlə təsdiqini tapanda bu çətinliklərin hamısı xoş bir xatirəyə çevrilir.
4. Əməyinizin bəhrəsini ən çox harada görürsünüz?
- Hesab edirəm ki, bu gün mənim BANM kimi yeni yaradılmış bir tədris müəssisəsində belə bir məsuliyyətli vəzifədə çalışmağım özü elə illər uzunu sərf etdiyim gərgin əməyimin bəhrəsidir. Bundan başqa Respublikamızda kimya və neft-kimyası elminin inkişafı üçün çalışan və onu yüksək səviyyəyə çatdıran tanınmış alimlərimizlə çiyin-çiyinə çalışmağım da əməyimin bəhrəsidir.
5. İşinizdə və həyatınızda qarşınıza qoyduğunuz məqsədlər və hədəflər? Kimlər sizə dəstəkdirlər və çətin işin öhdəsindən gəlməyi necə bacarırsınız, bunda sizə nə və yaxud kim kömək olur?
- Əmək fəaliyyətimdə əsas məqsədim tələbələrdə hətta ilk kurslardan elmi düşüncə formalaşdırmağa nail olmaq, onlarda elmi axtarışlara maraq oyatmaq, neft-kimya sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlamasında yaxından iştirak etmək, bununla da neft-kimya sahəsində olan problemlərin həllinə elmi yanaşmanı təmin etməklə, Azərbaycanımızda elmi dünya standartlarına çatdımaqdır. Bu çətin işlərin həyata keçirilməsində mənə ilk növbədə ailəm, sonra isə işlədiyim kollektivlərin üzvləri daima dəstək olublar. Elm, təhsil bizim ailədə çox önəmli sayılırdı və hələ məktəb illərimizdən bacım və qardaşımla aramızda intellektual rəqabət var idi. Biz valideyinlərimizi çox tez itirdik və həm bacım, həm də qardaşım mənə daima dəstək olublar. Həyat yoldaşım da ziyalı ailəsində anadan olmuşdu, fizika elmləri namizədi idi, ona görə həmişə məni başa düşürdü, çətin günləimdə mənə dəstək olurdu. Böyüdükcə övladlarım da elmi fəaliyyətimin mənim həyatımın bir hissəsi olduğunu və mənim üçün nə qədər mühüm olduğunu anladılar. Böyük oğlumun da elm sahəsində hələlik az da olsa müəyyən xidmətləri var, iqtisad elmləri namizədidir.
6. Necə düşünürsünüz, yaxın zamanda Azərbaycanda elmin dünya səviyyəsinə çıxması üçün nələr edilməlidir?
- Hələ keçmiş sovetlər dönəmində də ümummilli liderimiz, ulu öndər Heydər Əliyev Azərbaycan elmini inkişaf etdirmək məqsədilə milli elmi kardların hazırlanması üçün azərbaycanlı gənclərin Rusiyada və digər xarici ölkələrdə təhsil almalarını təmin etməklə və xüsusilə xarici elmi təcrübənin öyrənilməsi, dünya alimləri ilə təcrübə mübadilələrinin aparılması məsələlərinə diqqət göstərməklə bu sahədə ilk addımlar atmışdır və bununla da Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərmişdir. Bu gün həmin kadrlar elm, sənaye və iqtisadiyyatımızın müxtəlif sahələrində dövlət quruculuğumuzu möhkəmləndirmək naminə səylə çalışırlar. Dövlətimiz müstəqillik qazandıqdan sonra da elm sahəsində müəyyən nailiyyətlərimiz olub. Artıq Azərbaycan alimi dünyanın bir sıra elmi mərkəzlərinin fəal tədqiqatçısına çevrilib. Hesab edirəm ki, magistr və doktorantların hazırlığı, əsasən təhsilinin və elminin maddi-texniki bazası, kadr potensialı güclü olan və xarici ölkələrin aparıcı universitetləri ilə mübadilə aparmaq imkanlarına malik olan universitetlərə həvalə olunmalıdır. Bu, universitetlərarası rəqabətin və universitetlərmizdə çalışan yüksəkixtisaslı kadr potensialının güclənməsinə gətirib çıxara bilər. Belə yüksəkixtisaslı kadrlar sayəsində Azərbaycan elminin dünya səviyyəsinə çıxmasına doğru daha bir addım atılmış olardı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yüksəkixtisaslı kadrların hazırlanmasına, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına dair həyata keçiriləcək tədbirlərin məqsəd, prinsip və yanaşmalarını özündə cəmləşdirən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"na dair sərəncam Azərbaycanda elmin inkişafına daima dövlət qayğısının olmasını göstərir. Biz alimlərin üzərinə düşən əsas vəzifə isə bu sərəncamdan irəli gələn vəzifələri layiqincə həyata keçirməkdir. Bu sərəncamdan irəli gələn vəzifələrdən birinin elmi müəssisələrlə tədris müəssisələri arasında sıx səmərəli əməkdaşlıq olmasıdır. Bunu isə yalnız elmi təbliğ etməklə təmin etmək olmaz. Tədris prosesində elə pedaqoji metodikalar tətbiq etmək lazımdır ki, onun köməkliyi ilə gənclərdə elmi-tədqiqatlara vərdişi aşılamaq mümkün olsun. Sözsüz ki, bu prosesdə ilkin akademik hazırlıq mühüm şərtdir. Tədris prosesi elə aparılmalıdır ki, akademik hazırlıqla elmi tədqiqat bacarığı harmonik olaraq əlaqələndirilsin. Burada alimlərimizin rolu böyükdür. Onlar elmi axtarışların perspektivliyini düzgün müəyyən edir, qarşıya məqsəd qoyur, tədqiqatçılar qrupu formalaşdırır və nəhayət bu qruplarla iş qurur. Yeri gəlmişkən, hal-hazırda bu yanaşma BANM-də tətbiq olunur. Bu yaxınlarda biz 9 transmilli kompaniyanın iştirakı ilə tələbələrimizin elmi konfransını keçirdik. Bu konfransda tələbələrimiz öz elmi axtarışları haqqında çıxışlar etdilər, həmin mövzular ətrafında müzakirələr aparıldı. Əlbəttə, bu məsələlərin həllində maliyyələşmə də müəyyən rol oynayır. Ancaq elmlə məşğul olmaq özü bir zövqdür, elə bir zövqdür ki, o pul qazanmaqla deyil, elmi məsələlərin müvəffəq həllindən alınır. Burada ən önəmli məsələ odur ki, istedadlı alim, həm də yaxşı müəllim olsun. İndi deyəcəyim fikir ola bilər ki, bir alim qadının fikridir, mən belə hesab edirəm ki, əgər müəllim – pedaqoq alim qadındırsa, o öz tələbələrində özünün gələcəyini, yetişdirmələrini görür, əgər müəllim – pedaqoq alim kişidirsə, onların bəziləri istedadlı gəncləri özlərinin gələcək rəqibləri olaraq görürlər. Təbii ki, bu mənim subyektiv fikrimdir.
7. Bakı Ali Neft Məktəbinin Ali təhsildən sonrakı təhsil şöbəsinin (doktorantura) üzərinə hansı öhdəliklər düşür və əsas işiniz nədən ibarətdir?
- Şöbənin işinə rəhbərlik edirəm və onun bütün fəaliyyəti üçün cavabdehəm. Magistratura və doktorantura səviyyəsində təhsilin təşkili istiqamətində müvafiq elmi-metodiki xidmətin vəziyyətini, bu istiqamətdə beynəlxalq təcrübəni öyrənərək, təhlil edir və bu işin yaxşılaşdırılması üçün təkliflər hazırlayıb rəhbərliyə təqdim edirəm. Gənclərdə elmə marağı artırmaq və təlim-tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq, eləcə də pedaqoji kadrlara köməklik məqsədilə elmi-nəzəri, elmi-praktik konfranslarda, seminarlarda, keçirilən müşavirələrdə iştirak edirəm. Magistratura və doktorantura səviyyələrində təhsilin təşkili sahəsində pedaqoji rəyi öyrənmək məqsədilə sosioloji sorğular aparır və müvafiq təkliflər veririk.
8. Azərbaycan gəncliyinə elm və təhsil sahəsində uğur qazanmaları üçün tövsiyələriniz?
- Gənclərimizə nə arzu edə bilərəm? Hər şeydən əvvəl gənclər öz arzu və istəklərini daha dəqiq müəyyənləşdirməli, daima oxumalı, araşdırmalar aparmalı, məşğul olmaq istədikləri sahə üzrə qabaqcıl ölkələrdə aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmalıdırlar. Bütün bunlara nail olmaq üçün isə mütləq xarici dil bilməlidirlər. Nəzərə almaq lazımdır ki, həyatda o insanlar uğur qazanırlar ki, onlar öz arzu və istəklərinə uyğun işlə məşğul olurlar. Gənclər unutmamalıdırlar ki, əgər biz bu gün elmimizi ümumdünya səviyyəsinə çıxarmaq istəyiriksə, onlar mütləq ali təhsil ocaqlarımızda elmi-tədqiqat işlərinin əhatə etdiyi mövzuların genişləndirilməsində və bu işlərin həyata keçirilməsində yaxından iştirak etməlidirlər. Demək olar ki, bütün ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə elmi cəmiyyətlərinə (TEC) üzv olmaqla, onlar elmin müxtəlif sahələrində ilk uğurlarını qazana bilərlər. Həqiqətən, yalnız elmi dərk etmiş insanı yetişmiş bir şəxs hesab etmək olar. Yalnız səbr və inadla bilik və bacarıqlara yiyələnmək gənclərə cəmiyyətdə layiqli yer tutmalarına kömək edə bilər. Hal-hazırda BANM-də təhsil alan tələbələr qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərdir. Onların yüksək səviyyəli təhsil almaları üçün BANM-də hər cür tədris şəraiti yaradılıb, burada peşəkar professor-müəllim heyəti çalışır və tədricən elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyalar yaradılır. Mən inanıram ki, BANM-in gələcək məzunları dünya elmində öz sözlərini layiqincə deyəcəklər.