Xəbərlər
I ixtisas qrupu üzrə ən yüksək bal toplayan Əsmər Hacızadə: Bakı Ali Neft Məktəbini məhz özüm seçdim
Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə ən yüksək bal (690.5) toplamış Əsmər Hacızadə Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisasını seçib. Əsmər Hacızadə Xətai rayonunda yerləşən 191 nömrəli tam orta məktəbin məzunudur. Onun belə yüksək bal toplamasında “Kaspi” Təhsil Mərkəzinin müəllimlərinin də əməyi danılmaz olub.
Əsmər, Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olanlardan biri sənsən. Yəqin ki, orta məktəbdə nailiyyətlərin olub ...
Orta məktəbi əla qiymətlərlə bitirməklə yanaşı, hər zaman dərslərimi yaxşı oxumağa, nizam-intizamlı şagird olmağa çalışmışam. Məktəblilərarası olimpiadalarda iştirak edərək, yüksək nəticələr əldə etmişəm. VIII sinifdə oxuyarkən, Kimya fənnindən keçirilən olimpiadada III yerə layiq görülmüşəm.
Qəbul imtahanı necə keçdi?
Bu il qəbul imtahanlarındakı suallar daha fərqli idi. Azərbaycan və ingilis dilində düşündürücü suallar üstünlük təşkil edirdi. Düzü, bu mənim daha çox xoşuma gəldi. Çünki, bu cür suallar abituriyentdən savadla yanaşı dünya görüşü də tələb edir. Bu da, daha intellektual abituriyentlərin şansını artırır. Sınaq imtahanlarında bəzi mexaniki səhvlər etdiyim üçün 681.4 bal toplamışdım. Qəbul imtahanında isə daha diqqətli oldum.
İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?
Məncə, yüksək bal toplayan abituriyəntlər ən yüksək qəbul balı olan ixtisasları yox, öz istədikləri, onlar üçün gələcəkdə faydalı olacaq seçimlər etməlidirlər. Bəzən belə hallara rast gəlinir ki, arzu olunan ixtisasın balı digərlərindən daha aşağı olur, abituriyent isə daha yüksək bal toplayır. Bu zaman bir çox abituriyent bala görə seçim edir. Mənə görə bu çox yalnışdır. Əgər yaxşı bir mütəxəssis olmaq istəyiriksə, biz sevdiyimiz ixtisası seçməliyik. Bakı Ali Neft Məktəbini məhz mən özüm seçmişəm.
Niyə məhz BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
Mən seçim etməzdən əvvəl kifayət qədər araşdırma aparmışam. Dost və tanışlarımdan da Bakı Ali Neft Məktəbində təhsil alanlar var. Onlar da bu ali məktəbdə tədrisin olduqca yüksək səviyyədə olduğunu deyirlər. Bakı Ali Neft Məktəbi tələbələrinə yerli və beynəlxalq şirkətlərdə təcrübə keçmək, Ali Məktəbi bitirən kimi işlə təmin olunma imkanı yaradır. Təbii ki, bütün bunlar seçimi qətiləşdirməyimə kömək oldu. Məncə, I qrup üzrə ən yaxşı universitet Bakı Ali Neft Məktəbidir.
BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin?
Bəzən məsləhət görürlər ki, ali məktəbə hazırlıq dönəmində bütün əyləncəni kənara qoyun, ancaq dərs oxuyun ki, arzuladığınız nailiyyəti əldə edəsiniz. Amma, mən belə etməmişəm. Tövsiyə edirəm ki, zamanı düzgün bölsünlər. Həm dərslərini vaxtında oxusunlar, həm istirahətə, həm də, əyləncəyə vaxt ayırsınlar.
Gələcəyə dair hansı planların var?
Təhsilimi uğurla başa vuraraq, xarici universitetlərin birində magistratura təhsili almaq istəyirəm. Bu, Bakı Ali Neft Məktəbinin əməkdaşlıq etdiyi xarici təhsil ocaqları da ola bilər. Əsas məqsədim ixtisasım üzrə yaxşı mütəxəssis olub, peşəkar karyera qurmaqdır. Ən yaxşı mütəxəssis olana qədər çalışacağam və ölkəmizə faydalı olmaq üçün əlimdən gələni edəcəyəm.