Xəbərlər
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə İngiltərənin nüfuzlu məzun birliyinin Bakıda tədbiri keçirilib
İngiltərədəki ən qədim və nüfuzlu məzun birliyi olaraq qəbul edilən Vatt Klubunun Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Bakıda tədbiri keçirilib.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Ali Məktəbin tələbə və məzunları, eləcə də, Heriot-Vatt Universitetinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Vatt Klubu 1854-cü ildə Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nəzdində yaradılıb. Bakı Ali Neft Məktəbi bakalavr və magistr pillələri üzrə kadr hazırlığında Heriot-Vatt Universiteti ilə sıx əməkdaşlıq edir. BANM-in 2021-ci ilədək Heriot-Vatt Universitetinin təsdiq olunmuş akademik proqramlarını tədris etmək hüququna dair sertifikatı mövcuddur.
Tədbirdə çıxışı zamanı rektor Elmar Qasımov BANM-in Heriot Vatt Universiteti ilə əməkdaşlığının yüksək templə davam etdiyini və əlaqələrin daha da genişləncəyinə əminliyini bildirib.
O qeyd edib ki, bu il Heriot-Vatt Universitetində “İlin tələbəsi” adına layiq görülən tələbə Nərmin Abdullazadə məhz Bakı Ali Neft Məktəbinin məzunudur. O BANM-in Kimya mühəndisliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bu göstəricinin digər tələbələrə də örnək olduğunu bildirən Elmar Qasımov onları bilik və bacarıqlarını daha da artıraraq hər zaman belə yüksək nəticələr əldə etməyə səsləyib.
Heriot-Vatt Universitetinin (HVU) Kimya mühəndisliyi fakültəsinin professoru Qreym Vayt isə çıxışında BANM-lə əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə edib. O, BANM-in tələbələrinin dərslərdə və imtahanlarda digər tələbələrə nisbətən daha yüksək nəticələr göstərdiklərini vurğulayıb.
Q.Vayt məlumat verib ki, Heriot-Vatt Universitetinin məzunları avtomatik olaraq Vatt Klubuna ömürlük pulsuz üzv olurlar. Klub üzvləri Universitetin maraqlarının təbliğ edilməsi, ali təhsil müəssisəsinin fəaliyyətinin təkmilləşdirilməsi və tələbələrlə məzunlar arasında əlaqələrin yaradılması prosesində fəal iştirak edir.
Tədbir bədii hissə ilə yekunlaşıb.