Xəbərlər
Bakı Ali Neft Məktəbinin məqalə müsabiqəsinin qalibləri açıqlandı
Bakı Ali Neft Məktəbində (BANM) “Azərbaycan dili mənim ana dilim” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın əsas məqsədi Azərbaycan dilinin saflığının qorunması və dilin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlərə nəzər salmaq olub. Ali Məktəbin təşkilatçılığı ilə keçirilmiş dəyirmi masada professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov açıb, Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev, İngilis dili və humanitar fənlər mərkəzinin dosentləri Kəmalə Mehdiyeva və Ələmdar Şahverdiyev Azərbaycan dilinin qorunması və təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər barədə çıxış ediblər. Daha sonra Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasında təhsil alan II kurs tələbəsi Samir Rəsulov “Azərbaycan dilinin inkişaf yolu” mövzusunda təqdimat edib.
Dəyirmi masanın ikinci hissəsində “Azərbaycan dili milli varlığımızdır” mövzusunda keçirilmiş məqalə müsabiqəsinin qalibləri açıqlanıb:
I yer – Neft-qaz mühəndisliyi ixtisası, II kurs tələbəsi Samir Rəsulov “Azərbaycan dilinin keçdiyi tarixi yol” məqaləsinə görə;
II yer – Neft-qaz mühəndisliyi ixtisası, IV kurs tələbəsi Əli Nurəliyev “Azərbaycan dili milli sərvətimizdir” məqaləsinə görə;
III yer - Neft-qaz mühəndisliyi ixtisası, II kurs tələbəsi Əli Mədətov “Azərbaycan dili milli varlığımızdır” məqaləsinə görə.
Qaliblər sertifikatlarla təltif olunub.
BANM-in təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan dili milli varlığımızdır” məqalə müsabiqəsinə yazıların qəbulu aprelin əvvəlində başlanıb və ayın sonunda yekunlaşıb. Məqalə müsabiqəsində Ali Məktəbin 16 tələbəsi iştirak edib.