Xəbərlər
Əfqanıstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb.
Rektor Elmar Qasımov cənab səfiri Ali Məktəbdə salamlayaraq bildirib ki, BANM tələbələrinin beynəlxalq təhsil standartlarına uyğun yetişdirilməsinə böyük önəm verir və ingilis dilində yüksək təhsil almaq imkanı yaradır. Rektor vurğulayıb ki, SOCAR-ın müəssisəsi olaraq BANM öz məzunlarının sənayenin tələblərinə uyğun bacarıqlarının formalaşmasına kömək edir ki, bu da onları aparıcı transmilli şirkətlərdə işlə təmin olunma şansını artırmış olur.
Görüş üçün rektora təşəkkürünü bildirin səfir Xeyrullah Spelanay öz ölkəsi haqqında bildirib ki, müharibə şəraitinin mənfi təsirlərinin yan keçmədiyi Əfqanıstan davamlı və balanslı inkişaf üçün hazırda bir çox işlər görür. “Karbohidrogen istehsalı ilə bağlı zəngin tarixi ilə fərqlənən Azərbaycan neft və kimya mühəndisliyində ixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün çox gözəl bir seçimdir. Azərbaycan neft və qaz sənayesində innovasiya və mühəndislik nailiyyətlərinin beşiyidir və o özünün müxtəlif təbii ehtiyatları ilə Əfqanıstanın daim maraq dairəsindədir.”- deyə səfir bildirib.
Görüşdə Əfqanıstan tələbələrinin Azərbaycana gələrək təhsillərini neft-qaz sektorunda davam etmələri haqqında müzakirələr edilib. Səfir Xeyrullah Spelanay gələcəkdə Əfqanıstandan olan tələbələrin BANM-da təhsil aldığını görmək arzusunda olduğunu deyib. Səfir həmçinin Əfqanıstandan BANM-ın seçmə tələblərinə cavab verə bilən iki tələbənin burada təhsil almasının mümkünlüyünü söylədi.
Görüşün sonunda cənab səfir və görüşün digər iştirakçıları BANM-ın kampusuna tur ediblər.