Xəbərlər
Bakı Ali Neft Məktəbində PMI Azerbaijan 2019 sammiti keçirildi
Bakı Ali Neft Məktəbində (BANM) Layihə idarəetmə İnstitutunun (PMI – Project Management Institute) yaradılmasının 50-ci ildönümünə həsr olunmuş “Müvafiq layihə idarəetmə metodlarının tətbiqi və onların müasir idarəetmədə rolu” başlıqlı “PMI Azerbaijan 2019” sammiti keçirildi. Tədbir BANM-in təşkilati dəstəyi ilə PMI-ın Azərbaycandakı nümayəndəliyi – PMI Azerbaijan Chapter (Potential) tərəfindən təşkil olundu. Sammitdə informasiya texnologiyaları, sənaye, tikinti, maliyyə və təhsil sahələrində fəaliyyət göstərən dövlət və aparıcı özəl təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak etdi.
Tədbirin aparıcısı Kənan Məmmədov tədbiri açaraq təşkilatın yaradılması və fəaliyyəti barədə qısa məlumat verdi. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, sammit iştirakçılarını salamlayaraq layihə idarəetməsi sahəsində mütəxəssislərin hazırlanmasının və müasir idarəetmə metodlarının bütün sahələrdə tətbiq olunmasının vacibliyini vurğuladı. Ali məktəbin inkişafı, fəaliyyəti və nailiyyətləri haqqında danışarkən rektor bildirdi ki, BANM-in nəzdində PMI-ın bütün standartları əsasında hazırlanan xüsusi təlim proqramı - Layihə idarəetmə məktəbi uğurla fəaliyyət göstərir. Bu proqramın məzunlarını ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatlarını almış milli və beynəlxalq şirkətlərin onlarla aparıcı əməkdaşları təşkil edir. Çıxışının sonunda rektor Elmar Qasımov sammit iştirakçılarına uğurlar arzuladı.
Birinci paneldə ilk olaraq PMI-ın Azərbaycan Nümayəndəliyinin İdarə Heyətinin sədri Emil İsmayılxanovun məruzəsi dinlənildi. O, təşkilatın inkişaf perspektivlərindən, qarşıda duran məsələlər və fəaliyyət proqramından danışdı. PMI nümayəndəliyinin Türkiyədəki vitse-prezidenti, Türk Hava Yolları şirkətinin layihə və portfel meneceri Ömür Benekin təqdimatı nümayəndəliyin işinə və onun regional və beynəlxalq PMI təşəbbüslərində iştirakına həsr edilmişdi. Sessiya, PMI-ın Azərbaycandakı İdarə Heyətinin üzvü Nigar Cəfərovanın "Məktəblilər üçün layihə idarəetmə dərsləri" layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulan tədbir və strategiyalar barədə çıxışı ilə sona çatdı. Sonda suallar cavablandırıldı.
Dövlət və özəl sektorda layihə idarəetməsində müasir metodların tətbiqi və perspektivlərinə həsr olunmuş növbəti paneli moderator, Bakı Fond Birjasının İdarə Heyətinin sədri və PMI-in Azərbaycandakı İdarə Heyətinin üzvü Vüqar Namazov açdı. Paneldə Elektron Hökumətin İnkişafı Mərkəzi PHŞ-nin direktoru Fariz Cəfərov, Türk Hava Yolları şirkətinin layihə və portfel meneceri Ömür Benek və layihələrin idarə olunması üzrə ekspert Elçin Məmmədov məruzə və təqdimatlarla çıxış etdilər. Daha sonra aktual məsələlər müzakirə olundu və Azərbaycanda layihələrin idarə olunmasının inkişaf planı ilə bağlı suallar cavablandırıldı.
Layihə İdarəetmə İnstitutu - 1969-cu ildə yaradılan və dünya üzrə layihə menecerləri arasında təcrübə, bilik və bacarıqların mübadiləsini qarşısına məqsəd qoymuş ən böyük beynəlxalq təşkilatdır. PMI tədqiqatlar aparır, regional ofislərlə əməkdaşlığı inkişaf etdirir, konfranslar və seminarlar təşkil edir, həmçinin layihə idarəetmə sahəsində standartlar və akkreditasiya işlərini inkişaf etdirir.
PMI-ın Azərbaycan nümayəndəliyinin yaradılması üzrə işlərə 2016-cı ilin fevral ayında başlanılıb və 2017-ci ilin may ayında Azərbaycan nümayəndələri ilk dəfə olaraq Romada baş tutmuş “PMI Leadership Institute Meeting” toplantısında iştirak ediblər. Elə həmin toplantıda “PMI European Chapter Collaboration” yaradılmasına dair qərar verilib. Bu təşəbbüsü ilk dəstəkləyən məhz elə Azərbaycan Nümayəndəliyi olub və müvafiq memorandumu imzalayıb. “PMI Azerbaijan”a “Potential Chapter” statusu 2018-ci il mayın 4-də Berlində imzalanan müqavilə nəticəsində verilib.