Xəbərlər

Bakı Ali Neft Məktəbində Gənclər Fondunun dəstəyilə bilik yarışı keçirildi

       Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənc kimya mühəndisləri" adlı bilik yarışı keçirilib. Layihənin rəhbəri BANM-ın “Kimya mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Gülşən İsmayılova Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsinin qalibi olaraq layihəni həyata keçirir.

 

        Yarışmanın keçirilməsində əsas məqsəd gənclərin elmə və texniki sahələrə olan marağının arıtırlmasıdır. Yarış çərçivəsində iştirakçılar mühəndisliyin əsasları, müasir kimya mühəndisliyi, emal prosedurları, dünyada bu sahə üzrə yeni trendlər haqqında olan suallar və məsələlər üzrə mübarizə aparıblar. 

 

        Ali Məktəblərin tələbələri arasında, sosial şəbəkələrdə və Tələbə Gənclər Təşkilatları arasında marağa səbəb olan yarışmada iştirak etmək üçün kimya mühəndisliyi üzrə təhsil alan 150-yə yaxın gənc qeydiyyatdan keçib, 100-ə yaxın tələbə və gənc mühəndis seçilərək yarışa dəvət edilib.

 

        İki mərhələdə keçirilən yarışın ilkin mərhələsində 10 açıq tipli sual, ikinci mərhələdə isə 20 test tipli sual təqdim edilib. Münsiflər heyəti tərəfindən öz biliklərini ən yüksək səviyyədə nümayiş etdirmiş ilk üç yerin sahibi qiymətləndirilib, qaliblərə diplom və mükafatlar təqdim edilib.

 

        Yarışda 1-ci və 2-ci yerlərə BANM-ın Kimya mühəndisliyi ixtisasında təhsil alan III kurs tələbələri  Kənan Qocayev və Gülnar Sadıqova layiq görülüblər. Üçüncü yerə isə BANM-ın məzunu, hazırda gənc mühəndis kimi fəaliyyət göstərən Səidə Ələsgərova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Məhəmməd Quliyev layiq görülüblər.

 

          Yarışmada yaxşı nəticə göstərmiş 20 nəfərə də sertifikat və həvəsləndirici hədiyyələr təqdim edilib.