Xəbərlər

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub

        Bakı Ali Neft Məktəbində (BANM) Avropa İttifaqının maliyələşdirdiyi Azərbaycan ali təhsil sistemində elmi tədqiqatın inkişafı, ixtira və innovasiya layihəsilə bağlı görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, layihənin iki beynəlxalq eksperti Kşıştof Qulda və Yatsek Qayevski, Təhsil İnstitutunun Ali təhsilin inkişafı şöbəsinin müdiri Anar Nağıyev, BANM-ın Ümumi İşlər üzrə prorektoru Rəşad Həsənov, kafedra müdirləri və məsul əməkdaşları iştirak ediblər. Görüşün əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində innovasiya və tədqiqatın inkişafının gücləndirilməsi layihəsi, layihənin məqsədləri, fəaliyyəti və hədəf qrupları müzakirə etmək olub.

 

       Qonaqları Ali Məktəbdə görməyinə şad olduğunu bildirən rektor Elmar Qasımov onlara BANM və onun qısa tarixində əldə etdiyi böyük uğurlar, tədris proqramları, tədris mərkəzləri və tələbələri haqqında məlumat verib. Rektor bildirib ki, Ali Məktəbdə tədrisin tamamilə ingilis dilində olması onun məzun və tələbələrinin transmilli şirkətlərə, beynəlxalq layihələrə və eləcə də dünyanın öndəgedən xarici universitetlərində təhsillərini davam etdirməyə böyük imkanlar açır. Elmar Qasımov həmçinin qeyd edib ki, BANM-ın elmi tədqiqat işlərinə geniş önəm verdiyi və bu istiqamətdə xüsusi işlər görüldüyü bir zamanda bu layihənin təşəbbüsü və həyata keçirilməsi olduqca məqsədəuyğundur.

 

        Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi üçün Texniki Yardım Layihəsinin rəhbəri Kşıştof Qulda bildirib ki, layihənin ilkin mərhələsində BANM-a planlaşdırılan bu səfər Ali Məktəbin potensialının və hədəflərinin müəyyən olunmasından ibarətdir. Sözügedən layihənin növbəti ilin yanvar ayından icrasına başlanılacağını bildirən ekspert Ali Məktəb haqqında məlumatların toplanmasından sonra prosesə beynəlxalq təcrübəli digər ekspertlərin də cəlb olunacağını bildirib. O həmçinin qeyd edib ki, layihə çərçivəsində ekspertlər əməkdaşlıq edəcəyi ali təhsil müəssisələrinə elmi tədqiqatın inkişafı, ixtira və innovasiyası istiqamətində öz məsləhət və inkişafı üçün tövsiyələrini verəcəcəklər.

 

        Layihənin digər əməkdaşı, Təhsil və layihələrin idarə edilməsi üzrə ekspert  Yatsek Qayevski bildirib ki, layihə həmçinin bu istiqamətdə güclü təlimçilər yetişdirəcək və onlar da öz növbəsində yeni doktorantlara təlimlər keçərək onları istiqamətləndirəcək.

 

       Görüş Ali Məktəbin kafedra müdirləri və kafedraların müəllimlərinin layihə ilə baölı sualları və informasiya mübadiləsi ilə davam edib.

 

       Qonaqlar Ali Məktəbə səfər zamanı tədris mərkəzləri və laboratoriyalarla tanış olublar.