Xəbərlər
BANM-da King Fahd Universitetinin professoru seminar keçib
Səudiyyə Ərəbistanın Kral Fahd adına Neft-qaz və minerallar Universitetinin Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin professorları Siriç Patil, Sidqi Abu-Khamsinin Bakı Ali Neft Məktəbinin (BANM) IV və V kurs tələbələri ilə görüşü təşkil olunub. Görüşün məqsədi “Neft-qaz mühəndisliyi” ixtisasına uyğun King Fahd Universitetinin təqdimatını keçirmək, gələcəkdə həmin universitetdə magistr və doktoranturada oxumaq imkanları barədə BANM-ın tələblərinə məlumat vermək olub. Görüşdə Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Farad Kamyabi, kafedranın digər müəllimləri və tələbələr iştirak ediblər. Tədbir zamanı professor Siriç Patil King Fahd Universitetinə qəbul qaydaları, universitetdəki şərait, təhsil haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablayıb.
Tələbələrlə görüşdən sonra King Fahd Universitetinin nümayəndələri ilə dəyirmi masa təşkil olunub. Dəyirmi masada Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Kimya mühəndisliyi kafedrasının müdiri Sevda Fətullayeva, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Farad Kamyabi iştirak ediblər. Görüş zamanı hər iki universitet arasında gələcəkdə tələbə müəllim mübadilələrinin aparılması, birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, BANM-ın Beynəlxalq attestasiya təşkilatı tərəfindən akkreditasiya olunması kimi məsələlər müzakirə olunub. Sonda qonaqlar Ali Məktəbin kampusu ilə yaxından tanış olublar.