Xəbərlər

Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir

       Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini və Səfirin müavini Alberto Aura Qonzales ilə görüşüb. Görüşün əsas məqsədi BANM ilə Meksika Neft İnstitutunun arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmək olub.

 

       Rektor Elmar Qasımov qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən şad olduğunu bildirib. BANM-ın son nailiyyətləri və inkişaf istiqamətləri haqqında məlumat verən rektor qeyd edib ki, Ali Məktəbi bu il bitirən məzunlar artıq müxtəlif yerli və transmilli şirkətlərdə işə qəbul olublar. BANM-da tədrisin səviyyəsindən danışarkən rektor həmçinin, Ali Məktəbin yeni tədris ilində ilk dəfə olaraq İnformasiya təhlükəsizliyi ixtisası və MBA proqramı üzrə tədrisə başladığını söyləyib.

 

        Səfir Rodrigo Labardini yenidən BANM-da görüşə və qonaqpərvərliyə  görə rektora təşəkkür edib. O bildirib ki, BANM-ın nailiyyətləri və məzunları onların diqqət mərkəzindədir. Bu səbəbdən cənab səfir Meksikada böyük ictimai araşdırma mərkəzi və neft-qaz sektorunun ən böyük xidmət provayderi olan Meksika Neft İnstitutunun BANM ilə əməkdaşlıqda maraqlı olduğunun bildirib.

 

       Görüşdə həmçinin Meksika Neft İnstitutu ilə BANM arasında tələbə mübadiləsinin detalları müzakirə edilib. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq həmçinin Meksika Neft Universitetinin zəngin digital kitabxanasından istifadə üçün  BANM-ın tələbələrinə imkan yaradacaq.