Xəbərlər

BANM-la dünyaya çıxmaq istəyirəm

Qəbul imtahanlarında 700 bal toplamış Rüstəm Qarayevin müsahibəsi

Rüstəm, özünüz haqda bir az danışın.

Mən, Qarayev Rüstəm 2002-ci ildə Bakı şəhərində anadan olmuşam . Əslən Laçının  Minkənd  kəndindənəm. Məktəbə 5 yaşımda getmişəm. Üzgüçülük, cüdo və futbolla məşğul olmuşam. Bundan başqa şahmata da həvəsim var.  Soyuqqanlıyam və hadisələrə hər zaman real yanaşıram.

Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiz?

Qəbul imtahanında göstərdiyim uğura görə əvvəla başda sinif rəhbərim  İlhamə Vəliyeva,  bütün məktəb kollektivinə və sinif müəllimlərimə  təşəkkür edirəm. Təbii ki, bu uğurda valideynlərimin də rolu böyükdür. Onlara da sonsuz təşəkkürlərimi bildirirəm.

Niyə I qrupa üstünlük vermisiz?

Texniki fənnlərə olan marağım və arzuladığım ixtisasın bu qrupda olduğuna görə I qrupa üstünlük vermişəm.

Rüstəm, ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

BANM-ı seçməyimin əsas səbəblərindən biri orada təhsilin ingiliscə və yüksək ixtisaslı  müəllimlər tərəfindən verilməsidir. Çünki BANM-la mən dünyaya çıxmaq istəyirəm. Bundan başqa, BANM-da təşkil olunan təlim kursları, tez-tez müxtəlif şirkətlərin əməkdaşları ilə olan görüşlər də mənim  BANM-ı seçməyimdə böyük rol oynadı.

BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçməyi qərara almışam. Əminəm ki, bu ixtisası bitirdikdən sonra istər Azərbaycanda, istərsə də xarici  ölkələrdə karyera qurmaq çox asan olacaq.

Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

Boş  vaxtlarımda  futbol oynamağı , musiqi dinləməyi  və kompüterlə məşğul  olmağı sevirəm.

Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisas hansıdır?

Texnologiyanın bu cür sürətlə inkişafını nəzərə alsaq, elə kompüter və avtomatlaşma ilə bağlı ixtisasların parlaq gələcəyi olacağını düşünmək olar.

BANM-ı bitirdikdən sonra planlarınız nədir?

BANM-ı bitirdikdən sonra təhsilimi xaricdə, magistratura pilləsində davam etdirmək istəyirəm.

Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?

Gələcəkdə  bitirdiyim sahə üzrə Azərbaycanda  dünya standartlarına cavab verə biləcək şirkət qurmaq istəyirəm.

Ən çox hansı fənni və nə üçün sevirsiz?

Ən çox sevdiyim fənn Fizikadır. Texniki qurğuların, bütün istifadə etdiyimiz avadanlıqların hamısının açarı Fizika fənnində olduğuna görə bu fənnə daha çox bağlıyam.

Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

İnsan uğur əldə etməsi üçün əvvəllcə qarşısına məqsəd  qoymalıdır, sonra isə bu məqsədə çatmaq üçün  çox  çalışmalıdır.

Dostluq nə deməkdir və dostlarınızı necə seçirsiz?

Əsl dostluq insanlar arasinda olan təmənnasız münasibətdir. Dostlarımı seçmək üçün mənə adətən vaxt  lazım olur. Həmişə istəmişəm ki dostlarım səmimi olsun.
 

Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

Abituriyentlərə məsləhətim odur ki, heç vaxt ruhdan düşməsinlər. Bütün sınaq imtahanlarına getsinlər və öz üzərlərində daim çalışsınlar.