Xəbərlər

Mən BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçdim

Qəbul imtahanlarında 700 bal toplamış Anar Abıyevin müsahibəsi

Anar, özünüz haqda bir az danışın.

Mən, Anar Abiyev 2001-ci il iyun ayının 3-də  Lerik rayonunda anadan olmuşam. 2007-ci ildə 34 nomrəli məktəbdə birinci sinfə getmişəm, 2008-ci ildən isə 297 nömrəli tam orta məktəbdə oxumuşam.

Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiz?

Göstərdiyim nəticəyə görə ilk növbədə məktəbdə mənə savad verən müəllimlərimə, “Zəfər” kursu kollektivinə, valideynlərimə və bacıma təşəkkür edirəm.

Anar, ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

BANM-da yaradılmış yüksək şərait, ingilis dilində müasir tədris, həmçinin xarici universitet və şirkətlərlə geniş əlaqələri məni bu Ali Məktəbi seçməyimə  öz təsirini göstərən amillərdir.

Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

Boş vaxtlarımda bədii kitablar oxuyuram, basketbol oynayıram, açıq havada piyada gəzirəm.

Niyə I qrupa üstünlük vermisiz?

Birinci qrupun fənlərinə uşaq yaşlarımdan həvəsim olub. Həm də bu fənləri öyrəndikcə məhz bu istiqamətdə uğurlar əldə edə biləcəyimə inanmışam.

Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisas hansıdır?

Demək olar ki, bütün sektorlarda her şey avtomatlaşmaya doğru gedir. Bu səbəbdən fikrimcə, “Proseslərin avtomatlaşdırılması mühəndisliy” ixtisası parlaq gələcəyi olan ixtisaslardandır.

BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

Mən elə BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim. Uşaq yaşlarımdan dəqiq elmlərə və IX – XI siniflərdə isə proqramlaşdırmaya olan həvəsim məni bu qərarı verməyə təkan verdi.

BANM-ı bitirdikdən sonra planlarınız nədir?

BANM-ı bitirdikdən sonra prestijli xarici universitetlərin birində təhsilimi davam etdirmək və öz sahəm üzrə  daha geniş biliklər əldə edərək həmin sahənin profesional mütəxəssisi olmaq istəyirəm.

Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?

Bu gələcəkdə qazanacağım bilik və uğurlara bağlıdır.

Ən çox hansı fənni və nə üçün sevirsiz?

Fizika fənnini daha çox sevirəm, çünki bu fənn təbiət elmləri arasında aparıcı yerdədir. Fizikanı bilmək yaşadığımız dünyanı, təbiəti və kosmosu bilməkdir.

Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

Uğur qazanmağın əsas yolu nə istədiyini əvvəlcədən müəyyən etməkdir. Yalnız bundan sonra müəyyən etdiyin hədəf uğrunda çalışmağa başlamaq lazımdır.

Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

Mən bizdən sonrakl abituriyentlərə məsləhət görərdim ki, bacarıqlarına uyğun ixtisas qrupunuı müəyyən etsinlər. Qarşılarına məqsəd qoysunlar və ona çatmaq üçün hər gün bezmədən çalışsınlar.