Rəhbərlik

Elmar Qasımov Rektor

Böyük neft tarixi və neft emalı üzrə zəngin ənənələri, bu sahə üzrə dünya şöhrətli alim və mütəxəssisləri olan Azərbaycanda Bakı Ali Neft Məktəbi (BANM) kimi müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilli yüksəkixtisaslı mühəndis kadrlar yetişdirən müəssisəyə ciddi ehtiyac var idi.

Zamanın tələbi kimi meydana çıxan Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə SOCAR strukturunda məhz bu ehtiyac səbəbindən təsis edildi.

Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Biznesin İdarə Olunması (MBA) ixtisasları üzrə magistr pillələri üzrə beynəlxalq standartlar səviyyəsində mütəxəssislər hazırlayan Bakı Ali Neft Məktəbi yarandığı 10 il müddətində ölkənin ən nüfuzlu ali məktəblərindən birinə çevrilib. Respublika üzrə ən yüksək bal toplamış abituriyentlərin Bakı Ali Neft Məktəbini seçməsi və bu ali təhsil ocağı tələbələrinin Prezident təqaüdçülərinin sırasındakı say çoxluğu artıq ənənə halını alıb.

Bu gün BANM-də İngiltərənin TwentyEighty Strategy Execution (STRATEX) şirkəti və ABŞ-ın Corc Vaşinqton, Dyuk Universitetlərinin birgə əməkdaşlığı nəticəsində Layihələrin İdarədilməsi Məktəbi (SPM) uğurla fəaliyyət göstərir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hələ 4 il əvvəl Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışındakı çıxışında demişdi: “Bizim ali məktəblərimizdə tədris prosesi təkmilləşir. Biz vaxtilə gənclərimizi xaricə göndərirdik. Mənim təşəbbüsümlə minlərlə gənc Dövlət Neft Fondunun xətti ilə xaricə göndərildi. Həmçinin SOCAR da bu layihəyə qoşularaq gəncləri xaricə göndərdi. Biz bu məqsədlər üçün, bəlkə də, 100 milyonlarla dollar vəsait xərclədik. Yəni, bu, insan kapitalına qoyulan vəsaitdir. Ancaq sonra mən dedim ki, əlbəttə, bu proses davam etdirilməlidir. Eyni zamanda, biz Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar. Bax, bu gün biz bunu görürük. Bu məktəbdə həm Azərbaycan gəncləri oxuyur və yüksək biliklərə nail olur, eyni zamanda, tam əminəm ki, yaxın gələcəkdə xaricdən də buraya çox böyük axın başlayacaq. Çünki burada yaradılmış şərait inanmıram ki, hər hansı bir başqa yerdə olsun”.

Qürur duyuruq ki, bu çıxışdan irəli gələn çağrışlara uyğun olaraq, ən müasir texnologiyalar və peşəkar pedaqoji işçilərlə təmin edilmiş innovativ təhsil müəssisəsi olan BANM-i formalaşdıra bildik.

Bakı Ali Neft Məktəbi hədəf və məqsədlərinə uyğun olaraq, elm və təhsilin istehsalatla inteqrasiyasını təmin etmək, tələbələrin yaradıcılıq imkanlarının genişləndirilməsi, sosiallaşması, intellektual səviyyəsinin yüksəldilməsi, xüsusi istedadlarının müəyyən edilməsi, bilik və bacarıqlarının effektli reallaşdırılmasına təkan verməklə yanaşı, tələbə- gənclərdə ölkəmizin qloballaşan dünyaya inteqrasiyası kontekstində milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ideologiyasının təbliği, vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində də fəal iş aparır.

Bakı Ali Neft Məktəbi öz şərəfli tarixi - ilk onillik yubileyi ilə bağlı hazırladığı kitabda bu müddət ərzində qazandığı uğurlar, inkişaf strategiyası, tədris prosesi, elmi istiqamətləri, təcrübə imkanları konkret faktlar əsasında təqdim olunmuş, tələbələrin tədris, məzunların iş dünyası ilə əlaqələri, karyera perspektivləri barədə ətraflı məlumat verilib. İnanıram ki,ölkəmizin gənc, lakin zəngin tarix yarada bilmiş bu Ali Məktəb haqda yazılmış kitab maraqla qarşılanacaqdır.

Elmar Qasımov,

Bakı Ali Neft Məktəbinin rektoru