Xəbərlər

BANM məzunu 13 tanınmış xarici ali məktəbə qəbul olub

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Ələddin Mərdanov dünya üzrə müraciət etdiyi ali məktəblərdən 13-nün magistratura üzrə proqramlarına qəbul olunub. O, həmçinin həmin universitetlərin bir çoxundan təqaüd qazanıb.

 

Ələddin Mərdanov Kimya mühəndisliyi, Material mühəndisliyi, Sənaye Enerji prosesləri və davamlılıq, İnnovativ və dayanıqlı Kimya mühəndisliyi, Ətraf-mühit mühəndisliyi və s. ixtisasları üzrə qəbul olunub. O, daha bir neçə ali məktəbin qəbul imtahanlarının test mərhələsini keçsə də artıq bu cür yüksək nəticələrə görə həmin müraciətlər üzrə yekun müsahibələrdən imtina edib. Bu isə bakalavr məzunu üçün yüksək göstəricidir.

 

Ələddin Mərdanov təhsilini Erasmus Mundus təqaüd proqramı ilə Kimya innovasiya və tənzimləmə ixtisası üzrə Bolonya Universiteti, Heriot-Vat Universiteti, Barcelona Universiteti və Algarve Universitetinin birgə tədris  proqramı üzrə həmin universitetlərin yerləşdiyi ölkələrdə davam etdirmək qərarı verib. O, 1000 müraciətçi arasından təqaüdə layiq görülmüş 25 nəfərdən biridir.

 

Xatırladaq ki, Ələddin Mərdanov 2016-cı ildə DİM tərəfindən keçirilmiş qəbul imtahanında 650 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. O, məzun olduqda Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 90.95 olub.

 

BANM məzunu Ələddin Mərdanov təhsil aldığı müddətdə BASF və “Carlsberg Azerbaijan” şirkətlərində təcrübə keçmiş yeganə tələbə olub. Həmçinin 3 il professional tərcüməçi kimi fəaliyyət göstərib.