Xəbərlər

Tələbələrin yay istehsalat təcrübəsindən təəssüratları

Bakı Ali Neft Məktəbi (BANM) tələbələrin biliklərinin möhkəmlənməsi üçün  istehsalat təcrübəsinə önəm verir. Pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq, bu yay da tələbələr yay istehsalat təcrübəsinə göndərilib. BANM tələbələri də istehsalat təcrübəsini vacib sayır və yüksək qiymətləndirir.

Heydər Əliyev adına NEZ-in tərkibinə daxil olan “Azərneftyağ” neft emalı zavodunda təcrübədə olan II kurs Kimya mühəndisliyi ixtisasının tələbəsi Aytac Dünyamalıyeva da hesab edir ki, BANM-in hər yay tələbələri müxtəlif istehsalat müəssisələrinə təcrübəyə göndərməsi bilikləri daha da möhkəmləndirməyə imkan yaradır: “Ali Məktəbdə aldığımız yüksəksəviyyəli təhsil də istehsalat təcrübəsini daha yaxşı qavramağımıza  yardım edir.  Ali Məktəbimizin bu addımını çox bəyənirik. Yay istehsalat təcrübəsi bizə qurğularla tanış olmağa, qurğuların işləmə mexanizmini öyrənməyə imkan verir. Təcrübədə olduğumuz zavodda da kolonlar, bitum qurğusu, atmosfer bloku ilə əyani tanış olaraq onların işləmə mexanizmini öyrəndik. İstehsalat təcrübəsi zamanı həm də özümüzü real işçi kimi hiss edir və gələcəyin kimya mühəndisləri olaraq öz vəzifələrimizi daha dərindən anlayırıq. Təcrübə proqramının kifayət qədər yaxşı təşkil olunması da önəmlidir. Təcrübədə olduğumuz zavodun əməkdaşları ilk gündən çox qonaqpərvər idi və biz təcrübəçi tələbələrə emal zavodunun və qurğularının iş prinsipini anlamaqda kömək etmək üçün əllərindən gələni əsirgəmirdilər”.