Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri “Hərbi Qənimətlər Parkı”

Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyinin təşəbbüsü ilə “Şuşa Bəyannaməsi”nə həsr edilmiş tədbirlər planı çərçivəsində Ali Məktəbin tələbələri “Hərbi Qənimətlər Parkı”nı ziyarət ediblər. Səfərin məqsədi ölkənin intellektual gələcəyi olan tələbələri Vətən müharibəsi ərzində Azərbaycanın müzəffər ordusunun keçdiyi ağır döyüş yolu, hərbi əməliyyatların gedişatı və zəfər qalibiyyətimizin nəticələri ilə tanış etməkdir.

 

Tələbələr “Hərbi Qənimətlər Parkı”nda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı şanlı  Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi ilə tanış olublar. Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri isə tələbələrdə müharibə haqqında aydın təsəvvür yaradıb.

 

Azərbaycan ordusunun döyüş əməliyyatları zamanı düşməndən ələ keçirilmiş və “Hərbi Qənimətlər Parkı”nda sərgilənən zirehli texnikalar, artilleriya silahları, avtomobil texnikası, texnika qoşquları, müşahidə və optik cihazlar, atıcı silahlar haqqında tələbələrə ətraflı məlumat verilib. Parkın ərazisində xüsusi yaradılmış pavilyonda bunker, müdafiə mövqeyinin ibarət olduğu bütün otaqlar, atəş nöqtələri, saxlanclar, tunellər, səddlər və səngərlər tələbələr tərəfindən maraqla qarşılanıb.