Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbəsi bank mövzusunda yarışmanın qalibi oldu

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Aytac Abdullayeva Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyası tərəfindən təşkil edilən “Bank məhsullarının optimallaşdırılması” yarışmasının qalibi olub.

IBA Tech Akademiyasının tələbə və məzunlarından ibarət 11 komandanın iştirakı ilə “Bank məhsullarının optimallaşdırılması” yarışması onlayn formatda keçirilib.

Yarışma şərtlərinə görə, tələbələr verilən tapşırıqlar əsasında müştərinin marketinq kampaniyasına abunə olub-olmadığını müəyyənləşdirmək üçün 72 saat ərzində “Machine Learning” modeli qurmalı və təhvil verməlidirlər.

Tapşırığı yüksək səviyyədə yerinə yetirən BANM-in tələbəsi Aytac Abdullayeva “Public leaderboard” bölməsində 1-ci, “Private leaderboard” bölməsində 3-cü yerə layiq görülüb. Qaliblər IBA Tech Akademiyası tərəfindən hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının  “IBA Tech” Akademiyası Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində yaradılıb. Burada məqsəd ölkənin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır.